Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə Böyük Taarruzun (Avqust Zəfərinin) 100-cü ildönümü və Türkiyə Silahlı Qüvvələri Günü münasibətilə qardaş ölkənin Ankara və İstanbul şəhərlərində “Siperden Sahneye Müzik” (“Səngərdən Səhnəyə Musiqi”) layihəsi çərçivəsində keçirilən tədbirlər başa çatıb.
Bu barədə Milletinsesi.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Türkiyə, Azərbaycan, Şimali Kipr Türk Respublikası, Qazaxıstan, Özbəkistan və Qırğızıstan respublikalarının ordularının yaradıcı kollektivlərinin qatıldıqları ilk konserti Türkiyə Respublikası Milli Müdafiə Nazirliyinin, Baş Qərargah komandanlığının rəsmiləri, Quru Qoşunları, Hərbi Dəniz və Hərbi Hava Qüvvələrinin, xüsusi təyinatlı təhsil müəssisələrinin nümayəndələri, eləcə də onların ailə üzvləri izləyiblər.
Atatürk Mədəniyyət Mərkəzində konsert başlamazdan əvvəl “TRT” kanalının tanınmış aparıcılarından olan Göktuğ Kırca tamaşaçıları və qonaqları salamlayaraq bu layihənin ölkələr arasında hərbi əməkdaşlığın və mədəni əlaqələrin daha da genişləndirilməsinə böyük töhfə verəcəyini əminliklə nəzərə çatdırıb.
“Ulu bir çinarın qolları kimi eyni kökdən, eyni gövdədən qol-qanad atmaqdayıq. Ayrı-ayrı dövlətlər olsaq da, eyni millətin övladlarıyıq. Tariximiz bir, dilimiz bir, dinimiz bir, mədəniyyətimiz birdir. Atalarımızın bizlərə əmanət etdiyi qardaşlıq adlı bu dəyərli çinarı əl-ələ, çiyin-çiyinə verərək böyütmək və yetişdirmək hər birimizin müqəddəs borcudur”, – aparıcı deyib.
Türkdilli dövlətləri təmsil edən yaradıcı qruplar təqdim edildikdən sonra əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani səhnəyə dəvət edilib.
A.Qurbaninin Türkiyənin Zəfər bayramı ərəfəsində Azərbaycan əsgərinin Laçın şəhərinə daxil olması və orada Zəfər bayrağımızı dalğalandırması müjdəsi, “Cəbhədən səhnəyə” adlı şeiri, eləcə də Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin musiqi üçlüyünün müşayiəti ilə Nigar Rəhimova və Vüsal Ağayevin ifa etdikləri “Gəncədən gəlirəm”, “Vətən bayatıları”, “Qarabağ şikəstəsi”, “Ay Laçın” bəstəkar və xalq mahnıları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Qazaxıstan Müdafiə Nazirliyi Milli Hərbi Vətənpərvərlik Mərkəzinin, Özbəkistan Silahlı Qüvvələri Mahnı və Rəqs Ansamblının, Qırğızıstan Ordusunun folklor qrupunun, Şimali Kipr Türk Respublikasının Müdafiə Qüvvələri Komandanlığının və Türkiyə Respublikası Armoni musiqisi orkestrlərinin ifa etdikləri milli musiqi nümunələri, qardaşlığı, dostluğu tərənnüm edən vətənpərvərlik mahnıları, milli rəqslər tamaşaçılara xoş əhval-ruhiyyə bəxş edib.
Layihə çərçivəsində ilk konsert “Bu bayraq” mahnısının iştirakçı ölkələrin xalqlarının dillərində səsləndirilməsi ilə sona yetib.
Konsertdən sonra əslən Gəncə quberniyası Samux nahiyəsinin Tomulu kəndindən olan Türkiyə Respublikasının milli müdafiə nazirinin müavini Şuay Alpay Azərbaycanı təmsil edən yaradıcı heyətlə görüşüb, onların çıxışlarını yüksək qiymətləndirib.
Səmimi keçən söhbət zamanı Ş.Alpay bildirib ki, onun babası Qaçaq Məmmədqasım ötən əsrin 20-ci illərində baş verən Gəncə üsyanının təşkilatçılarından biri olub və uzun müddət ətrafına topladığı dəliqanlılarla birlikdə respublikamızın azadlığı uğrunda erməni-bolşevik qüvvələrinə qarşı mərdliklə mübarizə aparıb. 30-cu illərdə əvvəl İranda, sonra isə Türkiyədə mühacir həyatı yaşamağa məcbur olan Qaçaq Məmmədqasım ömrünün sonuna qədər Vətən həsrəti ilə yaşayıb, Azərbaycanın öz müstəqilliyini bərpa edəcəyinə həmişə inanıb.
Solistlərimizin ifa etdikləri xalq mahnıları və muğam parçaları Şuay Alpaya duyğulu anlar yaşadıb.
İstanbul şəhərində Milli Müdafiə Universitetinin Atatürk salonunda keçirilən konsertdə Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akar, Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov, Şimali Kipr Türk Respublikasının daxili işlər naziri Tahsin Ertoğruloğlu, Qazaxıstan Respublikası müdafiə nazirinin müavini Sultan Kemoleddinov, Özbəkistan müdafiə nazirinin müavini polkovnik Xamdan Alikuloviç Karshiyev, Qırğızıstan Respublikası müdafiə nazirinin müavini general-mayor Akyibek İbrayev də iştirak ediblər.
Bu konsert proqramının əvvəlində də Abdulla Qurbaninin çıxışı böyük maraqla qarşılanıb. Dünya şöhrətli Müslüm Maqomayevin məşhur “Azərbaycan” mahnısı Əməkdar artist polkovnik-leytenant Cahangir Qurbanovun ifasında əzəmətlə səslənib.
Möhtəşəm konsert proqramından sonra Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akar səhnədən qonaqları və tamaşaçıları salamlayıb. İştirakçı dövlətlərin təmsilçiləri olan yaradıcı heyətlərə təşəkkür edib.
Türk dünyasının bir, həmrəy, bərabər, qardaş olduğunun bir daha ortaya qoyulduğunu ifadə edən Hulusi Akar ilk olaraq gerçəkləşdirilən bu layihənin gələcəkdə də təkrarlanacağını vurğulayaraq deyib: “Bizlər bir ailəyik – Türk ailəsi. İki min beş yüz illik böyük Türk xaqanlığının davamıyıq. Coğrafiyalarımızın fərqli olmasına baxmayaraq, biz bundan sonra da bir millət olmağımızın, birgə olmağımızın, bərabər olmağımızın düşüncəsi ilə yaşayacağıq. Buna görə də özəlliklə hərbi əməkdaşlıq, təhsil, müdafiə sənayesi məsələlərində birlikdə olmağımızın vacibliyini qeyd edirik. Ölkələrimiz arasında bu əlaqələr gündən-günə daha da inkişaf edir. Biz birlikdə daha gözəl işləri həyata keçirəcəyik”.
Konsert proqramının sonunda rəsmi qonaqlara və yaradıcı kollektivlərə hədiyyələr, gül dəstələri təqdim olunub, xatirə şəkilləri çəkdirilib.