ABŞ-ın Ohayo ştatı universitetinin alimləri müəyyən edib ki, Türkiyədəki Çatalhöyük təsərrüfat icmasının sakinləri şəhər həyatının təhlükəsini yaşayan ilk insanlar olub.
İcma əhalinin çox artmasından, yoluxucu xəstəliklərdən, təcavüz və ətraf mühitin yaratdığı problemlərdən əziyyət çəkirdi. Məhz bu, yaşayış massivinin eramızdan əvvəl 6-cı minillikdə dağılmasının əsas səbəbi ola bilərdi.
Bizimyol.info xəbər verir ki, tədqiqatçılar Çatalhöyük sakinlərinin qida rasionunu müəyyənləşdirmək üçün insan qalıqlarındakı izotop nisbətlərini təhlil ediblər. Eramızdan 7100 il əvvəl bu yaşayış yeri qurulanda insanlar əsasən əkinçilik və heyvandarlıqla məşğul olub. Zamanla məhsul istehsalı artıb. Ayaq sümüklərinin analizi göstərir ki, onlar çox gəziblər, mal-qara üçün xeyli vaxt sərf ediblər. Həm də taxıl pəhrizinə görə diş çürüməsi çoxdur.
Erkən dövr qalıqlarının üçdə birində yoluxma izləri tapılıb. Divarlarda, evlərin döşəmələrində ifrazat əlamətləri aşkar olunub. Alimlərin fikrincə, insanlar yüksək əhali sıxlığından əziyyət çəkib. Evlərin yanında böyük zibilliklər yaranıb, heyvan cəsədləri üst-üstə qalaqlanıb. Antisanitariya yaranıb, çoxlu zorakılıq olub. Beləcə, Çatalhöyükdə yaşayanlar şəhər həyatının ən pis üzünü görüblər.