“Türkiyənin Ermənistanla bağlı siyasi mövqeyi heç zaman dəyişməyəcək”

“Türkiyənin Ermənistanla bağlı siyasi mövqeyi heç zaman dəyişməyəcək”

Qafar Çaxmaqlı: “Ermənistan Türkiyə ilə əlaqələr qurmaq üçün konstitusiyasını dəyişməlidir”

 

Ermənistanın baş naziri Nikol Paşinyan Münhen Təhlükəsizlik Konfrasnsındakı çıxışında Türkiyə ilə bəzi siyasi razılaşmalar əldə etdiklərini bildirib.

 

Maraqlıdır, Ermənistan və Türkiyə arasında siyasi sahədə bəzi razılaşmaların olduğu ilə bağlı Paşinyanın səsləndirdiyi fikirlərə etibar etmək olarmı?

 

Moderator.az-a açıqlama verən siyasi şərhçi Qafar Çaxmaqlı məsələ ilə bağlı maraqlı fikirlər səsləndirib:

 

“Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşma prosesi, iki ölkənin bu işi irəli aparması və müəyyən razılaşmaların əldə edilməsi üçün addımlar atılıb. Hər iki ölkədən təmsilçilər təyin olunub. Ruben Rubinyan və Serdar Kılıç arasında görüşlər də olub. Amma Ermənistanın Azərbaycanla sülh sazişinin uzadılması bu işin irəliləməsinə mane olur. Çünki Türkiyə bütün səviyyələrdə proseslərin paralel getməsini istəyir. Ola bilməz ki, Ermənistanın Türkiyə ilə münasibətləri normallaşsın, Azərbaycanla münaqişə halı davam etsin. İndi də bu proseslər bir-biri ilə bağlı irəliləyəcək. Türkiyədəki zəlzələdə xilasetmə və humanitar yardım işində iştirak edən Ermənistanın bu fəlakətdən   istifadə edərək münasibətlər sistemində hansısa siyasi gediş etməsi görülür, Türkiyədən Ermənistanın jesti məqbul sayılsa da prinsipial məsələlərdə ciddiliyinə şübhə edilə bilməz. Zəlzələyə görə açılan Alican qapısının da müvəqqəti olduğu bilinməlidir, çünki sərhədlərin açılması dövlətlərarası razılaşma paketində müzakirə edilən problemdir, burada sərhəd-keçid məntəqəsinin qurulması razılaşması hələ yoxdur. Məncə Türkiyə ilə hələ bu məsələlərlə bağlı heç bir razılaşma yoxdur, Paşinyan arzularını ifadə edir və Ermənistan rəhbərinin ölkə içindəki müqaviməti aşmaq üçün buna fürsəti kimi baxır. Müəyyən açıqlamaların Ermənistandan gəlməsinə də bu ölkənin Qərbə özünü sülhsevər və əlaqələr qurmağa istəkli dövlət görünümü vermək istəməsindəndir. Bununla belə,  Paşinyan anlamaqdadır ki, Ermənistanın Türkiyə  və Azərbaycanla əlaqələr qurmasının, bütün kommunikasiya xətlərinin, o cümlədən Zəngəzur dəhlizinin açılmasının alternativi yoxdur. Sadəcə olaraq, Ermənistan Qərbin dəstəyini alaraq müzakirə masasına Qarabağ ermənilərinin taleyini daxil etmək istəyir. Həmin məsələni Türkiyə ilə münasibətlər paketindən ayırmaq və Türkiyənin mövqeyinin dəyişəcəyinə ümidləri isə mənasızdır Şübhə etmirəm ki, Türkiyə ilə münasibətlərin normal məcraya daxil olmamasının səbəbi Ermənistanın  Qarabağdakı işğaldan azad olunmamış bölgədəki durumla siyasətdən vaz keçməməsidir.  Başına hansı fəlakətin gəlməsindən asılı olmayaraq, Türkiyənin Ermənistanla bağlı siyasi mövqeyi heç zaman dəyişməyəcək. Bu daha çox Ermənistanın Azərbaycanla bağlı hansı siyasəti sərgiləyəcəyindən də çox asılıdır. Türkiyə Azərbaycanın rəyini bilmədən bu ölkə ilə münasibətlərdə heç bir addım atmaz.

 

Ola bilsin ki, Paşinyanın dediyi ilkin razılaşmalar olsun. Bu, diplomatik münasibətlərin qurulması ilə bağlı ola bilər.  Bunun özü də müəyyən vaxtaparan prosesdir. Məncə ciddi razılaşmalara getmək üçün müzakirə ediləcək çox məsələ var və Ermənistanın buna hazırlığı yoxdur. Ermənistan Türkiyə ilə əlaqələri qurmaq, qarşılıqlı şəkildə  ərazi bütövlüyünün tanınması üçün öz konstitusiyasını dəyişməlidir.  Oradan Türkiyə torpaqlarına iddianı ortaya qoyan maddəni çıxarmalıdır. Bu isə uzun prosesdir. Qondarma “erməni soyqırımı” ideologoyasından imtina etməsi iradəsini ifadə etməlidir. Türkiyə bunları şərt olaraq irəli sürməsə də fakt budur ki,  Ermənistan hələ bunları etməyə hazır deyil”.

Mənbə

Share: