Qara dənizə girərək Ukraynaya hücum etmək niyyətində olan Rusiya Federasiyası Sakit okean donanmasının gəmiləri Türkiyənin buna icazə verməməsi səbəbindən öz bazalarına qayıdıblar.
Moderator.az “Gordon”a istinadla xəbər verir ki, “BlackSeaNews”-un baş redaktoru Andrey Klimenko bu barədə noyabrın 6-da “Facebook”-da məlumat yayıb.
O, həmin gün Sinqapur yaxınlığındakı boğazlarda gəmiləri izləyənlərin “Tvitter”də yerləşdirdiyi Rusiya gəmilərinin şəkillərinə istinad edib.
“Rusiya Federasiyasının Sakit okean donanmasının raket kreyseri “Varyaq” (nömrəsi -011), böyük sualtı qayıq əleyhinə gəmi “Admiral Tributs” (564) […] 2 fevral 2022-ci ildən olduqları və Ukrayna sahillərinə hücum etmək üçün Qara dənizə girməyə hazırlaşdıqları Aralıq dənizindən Vladivostokdakı əsas bazalarına gedən yolda Sinqapur boğazındadırlar”, – Klimenko belə yazıb.
O, diqqəti gəmilərin üzərində Rusiyanın Ukraynaya təcavüzünün simvolları olan “Z” və “V” işarələrinin olmasına yönəldib.
“Köhnə lətifədə olduğu kimi, “lazım olmadılar”. Və hər şey Türkiyəyə, onun ərazisindəki boğazlara görə oldu… Və doqquz ay gözlədilər…. Yoruldular, təmirə yer yox idi, heyət üzvləri vəhşiləşdi”- deyə hərbi ekspert vəziyyəti şərh edib.
Sultan Laçın