“Türkün evi də, gücü də var və bizim Avropa evinə ehtiyacımız yoxdur”

Fərəc Quliyev: “TDT-nin Şuşa görüşü türk dünyasının birliyinə yeni töhfə verəcək”

 

“Türkün evi də, gücü də var və bizim Avropa evinə ehtiyacımız yoxdur”.

 

Bunu Moderator.az-a açıqlamasında Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev bildirib. Partiya sədri qeyd edib ki, Türk Dövlətləri Təşkilatının (TDT) dövlət və hökumət başçılarının 2024-cü ildə Şuşada keçiriləcək görüşü bütün dünyaya mesaj olacaq:

 

“Bildiyiniz kimi, bu il Şuşada TDT-nin dövlət və hökumət başçılarının görüşü keçiriləcək. Bu görüş türk dünyasının birliyi və inteqrasiyasına ciddi töhfə verəcək, münasibətlərin daha da dərinləşməsinə yol açacaq.

Biz artıq türk dövlətlərinin bir sıra məsələlərlə bağlı ortaq davranış ortaya qoyduğuna şahid olmaqdayıq. Söhbət hər şeydən öncə təhlükəsizlik məsələsindən gedir. Yaxın gələcəkdə gömrük və digər sahələrdə də ortaq fəaliyyətə şahid olacağımıza əminəm.

 

Bu gün türk dövlətlərinin həm ayrı-ayrılıqda, həm də müttəfiq kimi sürətli inkişafı prosesi gedir. Türk birliyi dünya miqyasıdna ciddi bir güc kimi öz nüfuzunu artırmaqda, öz yerini möhkəmləndirməkdədir. Azərbaycanla Türkiyə arasında 2021-ci ilin 15 iyun tarixində imzalanan Şuşa Bəyannaməsi, habelə bu il Şuşada keçiriləcək görüş göstərir ki, türkün öz evi var. Bu ev Türk Dövlətləri Təşkilatıdır. Hansı ki, bu Təşkilatın yaxın gələcəkdə dünyanın ən nüfuzlu təşkilatlarından birinə çevriləcəyi, daha böyük güc mərkəzi kimi qlobal aləmdə baş verən proseslərə yön verəcəyi şübhəsizdir”.

 

Seymur ƏLİYEV

Mənbə

Share: