Ucuzlaşma müvəqqətidir: Azərbaycanda böyük bahalaşma gözlənilir

Dövlət Statistika Komitəsi ölkədə qeydə alınan inflyasiya ilə bağlı rəqəmləri açıqlayıb. Belə ki, bu ilin yanvar-avqust aylarında istehlak qiymətləri indeksi ötən ilin eyni dövrü ilə müqayisədə 111,7 %, əvvəlki ayla müqayisədə isə 99,6 % olub.

 

Avqustda əvvəlki aya nisbətən qarabaşaq yarmasının, unun, çörəyin, təzə balığın, yumurtanın, süfrə marqarininin, kərə, günəbaxan və qarğıdalı yağlarının, üzümün, yemişin, qarpızın, gavalının, almanın, armudun, bananın, pomidorun, xiyarın, soğanın, kartofun, bibərin, badımсanın, yerkökünün qiyməti ucuzlaşıb, düyünün, mal və qoyun ətinin, yoqurtun, xamanın, zeytun yağının, kələmin, sarımsağın, şəkərin, çayın, meyvə şirəsinin, arağın, tütün məmulatlarının qiymətlərində isə bahalaşma müşahidə edilib.

 

Bir sıra məhsullarda ucuzlaşma mövsümi xarakterilidir, yoxsa davamlı olacaq? Əgər bu mövsümidirsə, önümüzdəki dönəmdə qiymət artımları gözlənilirmi?

 

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Aqrar siyasəti komitəsinin sədri Tahir Rzayev bildirib ki,  inflyasiyanın və bəzi ərzaq qiymətlərinin aşağı düşməsi dünyada gedən bir sıra proseslərlə bağlıdır:

 

“Azərbaycanın xarici ölkələrlə əməkdaşlığının möhkəmlənməsi burada vacib şərtlərdəndir. Unun, eləcə də digər ərzaq və kənd təsərrüfatı məhsullarının qiymətinin aşağı düşməsi həm mövsümi, həm də davamlı ola bilər. Hesab edirəm ki, əlaqələr güclənirsə, nəzarət varsa, inflyasiyanın aşağı düşməsi qanunauyğun haldır. Müəyyən inhisarçılığın aradan qaldırılması, bazara nəzarətin gücləndirilməsi, digər tərəfdən sahibkarlığın inkişafı, işğaldan azad olunmuş ərazilərə əhalinin qaytarılması və müəyyən qaydada həyatın canlandırılması, sözsüz ki, qiymətlərə öz təsirini göstərməlidir. Bu da çox yaxşı haldır. Müəyyən ərzaq və kənd təsərrüfatı məhsullarının qiymətində aşağı düşmələr var”.

Komitə sədri vurğulayıb ki, mövcud vəziyyəti saxlamaq lazımdır:

 

“Müəyyən tədbirlər həyata keçirməklə, inflyasiyanın aşağı düşürülməsini hökumət həyata keçirə bilər. Ölkədə bu sahədə çox böyük işlər həyata keçirilir. İnsanların rifah halının yaxşılaşdırıılması, onların qida və kənd təsərrüfatı məhsullarına olan tələbatının ödənilməsi üçün hökumətin tədbirlər planı var. Bu gün işğaldan azad edilmiş ərazilərə insanların köçürülməsi və həyatın canlandırılması bizə imkan verir ki, Bir-iki ildən sonra bazarda qiymətləri aşağı salaq. Çünki o torpaqda əkin dövriyyəsi də daxil olduqdan sonra kənd təsərrüfatı məhsulları artacaq. Ətin, südün, yağın, yunun, yumurtanın və digər məhsulların qiymətlərində aşağı düşmələr müşahidə olunacaq”.

 

Liberal İqtisadçılar Mərkəzinin sədri, kənd təsərrüfatı üzrə ekspert Akif Nəsirli isə inflyasiyanın aşağı düşməsinin mövsümi xarakter daşıdığını bildirib:

 

“Yay aylarında Azərbaycanda inflyasyanın bir qədər aşağı göstəricilərə malik olmas təbii haldır. Hər il biz bunu müşahidə edirik. Əvvəlki illərdə inflyasiyanın daha aşağı olması müşahidə olunurdu. Bu il inflyasiyanın azalma dinamikası bir qədər zəifləyib. Bu il yay aylarında inflyasiya daha yüksək olub. Bu mövsümi xarakter daşıyır. Ölkədə yay aylarında kənd təsərrüfatının mövsümü dövrüdür. Bu zaman yerli məhsulların bazara çıxması bütün sahələrdə bir qədər ucuzlaşma, qiymət artımlarının səngiməsi ilə müşahidə edilir. Bu, mövsümi xarakter daşıyır və qarşıdakı aylarda inflyasiyanın və qiymətlərin artması təxminləri daha aktualdır”.

A.Nəsirli hansı ərzaq məhsullarının bahalaşa biləcəyindən də danışıb:

 

“Qarşıdakı aylarda buğda, un və un məhsullarının qiymətində artımın olacağını düşünmürəm. Çünki dünyda buğda istehsalı ötən ilki rekord göstəricini də ötüb. Bizim daha çox məhsul idxal etdiyimiz Rusiyadan ərzaq buğdası idxalı ötən ay ABŞ-ın Kənd Təsərrüfatı Departmentinin təxminlərinə görə 47 milyon ton olacaqdı. Amma bu ay ABŞ Kənd Təsərrüfatı Departmenti bu proqnozu 48 milyon tona yüksəldib. Rusiyanın bəzi ərazilərində taxıl biçini bitib. Artıq onun döyülməsi və təhvil verilməsi prosesi gedir. Növbəti ayda ola bilsin ki, proqnoz 1 və ya yarım milyon ton artsın. Rusiya ixracatının 49 milyon tona yaxın olacağı gözləniləndir. Hazırda buğdanın təhvili prosesi gedir. Ötən ay ümumi ixracatın 105 milyon ton gözlənilməsinə baxmayaraq, bu ay artıq proqnoz 108 milyon tondur. Buğdanın qiyməti sabit qala bilər. Ancaq bitki yağları, kərə yağı, ət, qışa doğru getdikcə digər kənd təsərrüfatı məhsulları bahalaşacaq”.

 

Ekspertin sözlərinə görə, bahalaşma yerli kənd təsərrüfatı məhsullarının az olması ilə bağlıdır.

 

“Kartof, xiyar, soğan, qarpız və yemiş kimi məhsullardan başqa Azərbaycanda kənd təsərrüffatı məhsulları yerli tələbatın aşağı-yuxarı 40-50 faizini təşkil edir. Qalan 50-60 faiz isə xaricdən idxal olunur. İdxal malları da əlbəttə ki, yerli məhsullardan baha başa gəlir. Çünki daşıma xərcləri var. Ölkədə bahalaşmanı və infliyasiyanın aşağı salınması üçün kənd təsərrüfatının inkişaf etdirilməsi, kənd təsərrüfatı məhsullarına olan yerli  tələbatın heç olmasa 80-90 faizini yerli  istehsalla ödəməyə ehtiyac var.  Bununla inflyasiyanı xeyli aşağı sala bilərik. Eyni zamanda valyuta itkilərimiz də aşağı düşər. Məlumdur ki, idxal valyuta itkisi deməkdir. Hər il təxminən 3 milyard dollar pul xərcləmişik. Valyutanın çıxışı da inflyasiyanı stimullaşdırır”.

 

İqtisadçı ekspert Asif İbrahimov deyir ki, hər bir məhsulun və ya xidmətin qiymətini formalaşdıran onun ərsəyə gətirilməsində çəkilən xərclə bağlıdır:

 

“Biz bir çox məhsulları idxal edirik. İstehsal etdiklərimizin də xammalını, inqrediyentlərini yenə də xaricdən idxal edirik. Bu da istər-istəməz bahalaşmaya gətirib çıxarır. Hazırda Rusiya-Ukrayna müharibəsi gedir. Bu iki ölkə dünyanın taxıl ehtiyacının 25 faizini təmin edirlər. Bunlar arasındakı müharibə qeyri-ixtiyari olaraq bütün dünya ölkələrinin daxili bazarına öz təsirini göstərdi. Bu xarici  faktordur. Lakin daxili faktorlar da var. Məsələn yanacağın, qazın bahalaşması faktları var. Ötən il  Azərbaycan sahibkarı  250 manat minimum əmək haqqı ödəyirdisə, indi 340 manat ödəməyə başlayıb. Bunlar hamısı qiymət artımlarına təsir göstərir. Stastikaya baxanda ərzaq məhsullarının qiymətinin aşağı düşdüyü görünür. İnflyasiya aşağı düşüb. Rəsmi olaraq inflyasiyanın 11,7 faiz olduğu söylənilirdi. Çoxdandır, həyacan təbili çalırdıq ki, Azərbaycanda inflyasiya üçrəqəmlidir. Bunu artıq rəsmi formada etiraf etdilər.  İndi 6 manata pomidor yoxdur. Buna baxmayaraq, ötən ilin avqust ayı ilə müqayisədə məhsulların qiyməti bu il baha olub”.

Ekspertin fikrincə, bu mövsümi xarakter daşıyır:

 

“Mövsümi meyvələrin çıxması, xüsusilə də, kənd təsərrüfatı məhsullarının  sezona uyğun olaraq ucuz olması inflyasiyanın nisbətən enməsinə səbəb oldu. Qida məhsullarının inflyasiyası aşağı düşdü. Təbii ki, soyuq aylara keçdikcə bahalaşma olacaq. Bu da orta statistik Azərbaycan əhalisinin ailə büdcəsində müşahidə olunmağa başlayacaq. Hava soyuduqca, istehsal zamanı əlavə işıq, qaz tələb olunacaq. Eyni zamanda əməkhaqqı fərqli olacaq. Yəni bahalaşma qeyri-ixtiyari baş verir”.

Mənbə

Share: