Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev-100: Mühəndislik Hakatonu”nun açılış mərasimi olub.
Moderator.az xəbər verir ki, tədbir ADNSU və Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının təşkilatçılığı ilə reallaşdırılır.
Universitet tələbələrinin, ictimaiyyət nümayəndələrinin iştirak etdikləri tədbirdə ADNSU-nun rektor əvəzi Vazeh Əskərov çıxış edərək Ulu Öndər Heydər Əliyevin müstəsna tarixi xidmətlərindən danışıb. Ümummilli Liderin elmə, təhsilə daim xüsusi önəm verdiyini vurğulayan V.Əsgərov dahi rəhbərin siyasətinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirildiyini bildirib.
Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının rəhbərinin müavini Əhliman Tağıyev Ulu Öndər Heydər Əliyevin böyük xilaskarlıq rolundan bəhs edib.
Sonra “Heydər Əliyev-100: Mühəndislik Hakatonu”nun qaydaları haqqında məlumat verilib.
Qeyd olunub ki, hakatonda ölkəmizin 21 ali təhsil müəssisəsi öz komandaları ilə iştirak edir. Hər bir komanda 4 nəfər iştirakçıdan ibarətdir.
Daha sonra tapşırıqlar verilib və yarış başlanıb.