Ukrayna Ali Radasının Xarici siyasət və parlamentlərarası əməkdaşlıq komitəsi Avropa Şurası Parlament Assambleyasını (AŞPA) və Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsini dialoq və əməkdaşlığa çağırıb.
Modern.az xəbər verir ki, Ali Radanın Xarici siyasət və parlamentlərarası əməkdaşlıq komitəsi bununla bağlı rəsmi müraciət qəbul edib.
Müraciətdə qeyd olunub ki, AŞPA-nın 2024-cü il qış sessiyası zamanı yaranmış vəziyyəti və Azərbaycan parlamentinin nümayəndə heyətinin səlahiyyətlərinin təsdiq edilməməsini nəzərə alaraq, Ukrayna Ali Radasının Xarici siyasət və parlamentlərarası əməkdaşlıq komitəsinin 2024-cü il 7 fevral tarixli iclasında hər iki tərəf üçün müraciət qəbul edilib.
Komitə müraciətində AŞPA-nı və Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsini danışıqlar prosesinə qayıtmaq və konstruktiv dialoq yolu ilə fürsət tapmağa çağırır. “Bu gün nə qədər kəskin görünsə də, hər iki tərəfi problemləri demokratiya və qanunun aliliyi prinsiplərini rəhbər tutaraq həll etməyə çağırırıq”, – deyə müraciətdə vurğulanıb.