Ukrayna rəsmi olaraq Kiyevi hava hücumundan müdafiə sistemləri ilə təmin etmək xahişi ilə İsrailə müraciət edəcək.
Modern.az xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib.
“Dünən mən Ukraynanı hava hücumundan müdafiə sistemləri ilə təmin etmək xahişi ilə Avropa İttifaqı ölkələrinə müraciət etdim. Bu mövzunu “Ramşteyn formatı” çərçivəsində Ukrayna prezidenti, müdafiə naziri daim qaldırır.
Bu gün Kiyev İsrail hökumətinə Ukraynanı təcili olaraq hava hücumundan müdafiə sistemləri ilə təmin etmək və Ukraynanın müvafiq müdafiə sistemləri alması üçün yüksək keyfiyyətli əməkdaşlığa başlamaq xahişi ilə rəsmi nota göndərəcək”, – o, onlayn brifinq zamanı bildirib.
Bundan əvvəl onlayn rejimdə keçirilən G7 sammitində çıxış edən Vladimir Zelenski Ukrayna üçün “hava qalxanı” yaratmağa və Kiyevi kifayət qədər müasir və effektiv hava hücumundan müdafiə sistemləri ilə təmin etməyə çağırıb.
Rusiya Silahlı Qüvvələrinin Ukrayna infrastrukturuna hücumları oktyabrın 10-da Krım körpüsündə törədilən partlayışdan iki gün sonra başlayıb. Prezident Vladimir Putin körpüdə baş verən partlayışa görə Kiyevi ittiham edib.