
“Ukraynanın bir hissəsinin Alyansa qəbul edilməsi o demədir ki, sən gəlib ayırıcı xəttdə dayanmalısan, NATO buna hazırdırmı?..”
“Ukrayna o cümlədən Alyansın köməyilə müharibədə qalib gəlmək üçün tam həcmdə bütün zəruri resurslara malik olmalıdır…”
Rusiya ilə müharibə getdiyi dönəmdə Ukrayna NATO-nun üzvü olmayacaq. Lakin ölkəmizin Alyansla konkret razılaşmaları var, NATO baş katibi Yens Stoltenberqin bununla bağlı dəqiq mövqeyi var.
Moderator.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Ofisi rəhbərinin müşaviri Mixail Podolyak FREEDOM telekanalının efirində bəyan edib.
O, xatırladıb ki, dekabrın 19-da 2023-cü ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında prezident Vladimir Zelenski anladıb ki, NATO üzvü olmaq üçün Ukrayna Rusiyanın törətdiyi müharibəni bitirməlidir.
“Prezident kifayət qədər aydın olaraq deyir: NATO buna hazırdırmı? Çünki sən Ukraynanın bir hissəsini Alyansa qəbul edirsənsə, bu o deməkdir ki, sən gəlib ayırıcı xəttdə dayanmalısan. NATO buna hazırdırmı?
Kim sizə deyib ki, Rusiya bununla razılaşacaq? Həm Ukraynada, həm də digər istiqamətlərdə bugünkü eskalasiyada Rusiyanın həlledici məqsədlərindən biri NATO-nu özündən uzaqlaşdırmaqdır.
Necə bilirsiniz, bəyəm Rusiya ərazimizin kiçik bir hissəsini götürüb, Ukraynanın qalan ərazilərinin NATO-nun üzvü olmasına razılaşacaqmı? Rusiya bu varianta da razı olmayacaq, deməli, müharibə davam edəcək. Bütün bu təklif edilən
nəzəri variantlar gerçəklikdən uzaqdır.
Bizə bu gün yaxın, tutalım, bir-iki ilə NATO-ya daxil olmaq təklifi edilməyib. Rusiya ilə müharibədə qələbədən sonra NATO-ya daxil olmaq təklifi edilib. Lakin müharibə zamanı heç kim sizə belə təklif səsləndirməyəcək. Bu, aydındır”, – Podolyak deyib.
O, həmçinin qeyd edib ki, Ukrayna NATO ilə sıx əməkdaşlıq edir. O cümlədən söhbət Alyansın hərbi, konsultativ yardım paketindən və “ordumuzu NATO standartlarına uyğunlaşdırmağa imkan verən” bir sıra başqa qərarlardan gedir.
“Bizim çox dəqiq siyasi razılaşmalarımız var. NATO-nun Vilnüs sammitində bunlar qismən təsbit edilib, düşünürəm ki, hüquqi cəhətdən də təsbit ediləcək.
NATO baş katibinin dəqiq mövqeyi var, bu da müharibəni ədalətli sonluqla bitirəndən sonra Ukraynanın NATO-nun ayrılmaz hissəsinə çevrilməsindən ibarətdir.
Ona görə də Ukrayna öz ərazilərini səmərəli şəkildə müdafiə etmək və işğal edilmiş əraziləri azad etmək üçün o cümlədən Alyansın köməyilə tam həcmdə bütün zəruri resurslara malik olmalıdır”, – Podolyak deyib.
Ukraynanı NATO-ya aparan yol-son xəbərlər
Dekabrın 19-da Ukrayna prezidenti Vladimir Zelenski ilin yekunlarına dair mətbuat konfransında açıq bəyan edib ki, Ukraynanı hələlik NATO-ya dəvət etmirlər.
Bu zaman o, ölkənin qismən blokda iştirak etmək variantını “qarabasma” adlandırıb. Sonradan o, qeyd edib ki, Avropa qitəsinin digər ölkələrinə nisbətən bu hərbi bloka üzv olmaq Ukrayna üçün daha çətinidir.
Zelenskinin sözlərinə görə, Avropada sülh yalnız Rusiyanın Ukraynanı özünə platsdarm etmək üçün istənilən cəhdindən həmişəlik mərhum olandan sonra etibarlı olacaq.