“Putinin prezidentliyi dönəmində Ukrayna Rusiya ilə heç bir danışığa getməyəvək…”
“Biz de-fakto NATO-ya yolumuzu müəyyən etmişik, bunu de-yure etmək üçün sürətli prosedur qaydasında sorğu göndəririk…”
Ukrayna NATO-ya sürətli qaydada daxil olmaq üçün sorğu göndərib.
Moderator.az xəbər verir ki, bu barədə sentyabrın 30-da Ukrayna prezidenti Vladimir Zelenski Milli Təhlükəsizlik Şurasının iclasından sonra bəyan edib.
Zelenski sorğunun imzalanması videosunu dərc edib. Bu, Moskvada Ukraynanın qismən işğal olunan Zaporojye, Xerson, Donetsk və Luqansk vilayətlərinin “Rusiya Federasiyasının tərkibinə qatılması” (ilhaqı) barədə müqavilələrin imzalanmasından bir saat sonra baş verib.
Zelenskinin fikrinə görə, Vladimir Putinin Rusiya prezidenti olduğu dönəmdə Ukrayna Rusiya ilə heç bir danışıqlar aparmayacaq.
Zelenski sürətli qəbul prosedurundan danışarkən, NATO üzvlüyünə aid hərəkət planı olmadan alyansa sorğu göndərən Finlandiya və İsveçin nümunələrinə istinad edib.
Ukrayna anlayır ki, NATO-ya daxil olmaq üçün onun bütün iştirakçıları ilə konsensusa nail olmaq üçün zaman lazımdır.
Zelenski Təhlükəsizlik haqqında Kiyev müqaviləsinə uyğun olaraq, Ukrayna və bütün Avropa üçün təhlükəsizlik zəmanətləri üzrə təklifləri gerçəkləşdirməyi təklif edib.
“De-fakto” biz NATO-ya yolumuzu müəyyən etmişik. De-fakto biz Şimali Atlantika İttifaqının standartları ilə uyğunluğumuzu sübut etmişik. Biz bir-birimizə etibar edirik, bir-birimizi müdafiə edirik. Bu da elə Şimali Atlantika İttifaqı deməkdir. De-fakto olaraq.
Bu gün Ukrayna bunu de-yure etmək üçün bizim bütün birliyimizin müdafiəsinə cavab verən sürətli prosedur qaydasında sorğu göndərir”, – Zelenski deyib.
O, əlavə edib ki, Ukraynanın bütün ərazisi azad ediləcək.
NATO rəhbəri Yens Stoltenberq və BMT-nin baş katibi Antoniu Quterrişin bu gün “misli görünməyən” çıxışları gözlənilir.