“Rusiya işğalçı qüvvələri son 24 saat ərzində Ukrayna ərazisinə 3 hava və 57 raket zərbəsi endirib”.
Modern.az “Unian”a istinadən xəbər verir ki, bu, Ukrayna ordusunun Baş Qərargahının sutkalıq informasiya bülletenində qeyd olunub.
“Bundan əlavə, düşmən çoxsaylı reaktiv raket sistemlərindən, xüsusən də mülki infrastruktura 69 hücum həyata keçirib”, – məlumatda deyilir.
Bildirilib ki, düşmən Ukraynanın paytaxtına və digər yaşayış məntəqələrinə raket zərbələri endirmək üçün S-300 və S-400 zenit-raket komplekslərindən istifadə edib. Həmçinin idarə olunan 41 təyyarə raketi buraxılıb.
“26 raket müdafiəçilərimiz tərəfindən məhv edilib”, – Baş Qərargahın yaydığı məlumatda qeyd olunub.
Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma “Donetsk XR” və “Luqansk XR” separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.