Ukrayna üçün 2 seçim: Nüvə müharibəsi, yoxsa danışıqlar? 

“Rusiyanın “xüsusi əməliyyat” adlandırdığı kampaniyanın uzunmüddətli olacağı inandırıcı hal almağa başlayıb. Ukrayna özü də anlayır ki, bu proseslərdə Rusiyanın potensial imkanları daha çoxdur”. 

 

Bu sözləri Modern.az-a Rusiya və Ukrayna müharibəsinin yeni mərhələsi, proseslərin bundan sonrakı gedişatı haqqında danışan politoloq Tofiq Abbasov deyib. O qeyd edib ki, Ukrayna indi daha çox xaricdən gələn yardımlara gözünü dikib: 

 

“Bu təbiidir. Çünki iki ölkənin göstəriciləri tamamilə fərqlidir. Ukraynanın nəhəng Rusiya qarşısında imkanları tükənir. Ona görə Ukrayna prezidenti Volodimir Zelenski intensiv şəkildə xaricdən kömək və siyasi dəstək umduğunu göstərməyə çalışır. 

 

Krım körpüsünün dağıdılması ilə gördük ki, Rusiyanın ehtiyat variantları var. Ukrayna üçün bu proseslər mövqe davalarından keçsə belə, yenə də Rusiyanın üstünlüyü daha çox olacaq. 

 

Təsadüfi deyil ki, Qərb dövlətlərinin rəhbərləri Ukraynanı danışıqlara cəlb etməyə, hətta təkid etməyə davam edirlər. Artıq Ukraynaya yardımları da yavaş-yavaş azaldırlar. Qərb anlayır ki, sonda Rusiya ilə dialoq formatına keçməli olacaq. Bəri başdan özləri üçün çıxış yeri qoymağa, qərbin özünün xeyrinə nəticələnəcək addımlar atmağa çalışırlar. 

 

Mən belə anlayıram ki, Ukrayna danışıqlara getməli olacaq. Ukrayna gərək Qərb dövlətlərinin verdiyi rekomendasiyaları götür qoy etsin və anlasın ki, prosesin uzanması onun xeyrinə olmayacaq”.

 

Politoloq hesab edir ki, müharibədən sonra Avropa qitəsində yeni düzən yaranacaq:

 

“Həm Avropa İttifaqı, həm də aparıcı dövlətlər Rusiya ilə dialoqlarını yeni sistemə oturtmağa çalışacaqlar. Bununla bərabər, Ukraynanın daxilində də prosesin uzanmasının ziyan gətirəcəyini anlayan qüvvələr var. Rəsmi Kiev gərək çox gec olmadan bir qərara gəlsin. Əgər belə olmasa, Ukrayna itirəcək. Hətta Amerika və Avropa da Rusiya ilə güc dilində danışmağın mümkünsüz olduğunu başa düşür”.

Mənbə

Share: