“Lukaşenko ukrayalı uşaqların məcburi deportasiyasına görə məsuliyyət daşıyan həlledici fiqurdur…”
“Qoy Baydenlə Zelenski cəhənnəm olsun, Putin çiçəklənsin və bütün Ukraynanı nəzarətə götürsün!..”
Belarus hakimi Aleksandr Lukaşenkonun minlərlə ukraynalı uşaqların məcburi deportasiyasında əli ola bilər.
Moderator.az xəbər verir ki, bu barədə Britaniyanın “The Telegraph” qəzeti məlumat yayıb.
Müxtəlif dəyərləndirmələrə görə, 2022-ci ilin sentyabrından altı yaşınadək təxminən 2150 ukraynalı uşaq Belarusa deportasiya edilib. Ekspertlərin proqnozuna görə, 2023-cü ilin payızınadək bu rəqəm 3 minədək arta bilər.
Qəzetin məlumatına görə, uşaqlar məcburi şəkildə ən azı dörd düşərgəyə deportasiya edilib. Bunlar Minsk vilayətindəku “Ostroşiç şəhərciyi” sanatoriyası, “Zubryonok” milli uşaq təhsil-sağlamlıq mərkəzi və “Belorusski” Belarus Dövlət gübrələr istehsalı üzrə şirkətə məxsus “Dubrava” düşərgəsidir. Ukraynalı uşaqların olduğu dördüncü yer Qomel vilayətindəki “Zolotıye peski” (“Qızıl qum”) düşərgəsidir.
Ukraynanın “İnsan haqları Redional Mərkəzi” ictimai təşkilatının hüquqşünası Yekaterina Raşevskaya qeyd edib ki, itkin düşən uşaqlarını axtaran ailələr “onların körpələrinin Belarusda olduğu barədə məlumatlı olmaya bilər”.
Deportasiya üçün marşrut Rostov-Dondan keçir, oradan uşaqlar qatarla Minskə daşınır, daha sonra avtobuslarla müxtəlif yerlərə paylaşılır. Jurnalistlərin yazdığına görə, bəzi uşzqlar Belarusdan Rusiyaya, o cümlədən Uzaq Şərqə göndərilir.
Belarus “Milli Antiböhran İdarəsi” müxalif qrupu bəyan edib ki, Lukaşenko ukraynalı uşaqların məcburi deportasiyasına görə məsuliyyət daşıyan “həlledici fiqurdur”. Qeyd edilir ki, o, bütün zəruri proseslərin maliyyələşdirilməsini təşkil etmək üçün şəxsən göstərişlər verib.
“Biz dünyaya göstərmək istəyirik ki, məhz Lukaşenko tərəfindən təşkil edilən belə fəaliyyət hərbi cinayətdir”, – müxalif qrupunun rəhbəri Pavel Latuşko bəyan edib.
Jurnalistlər əmin edir ki, Belarus və Rusiya düşərgələrində ukraynalı uşaqlar “yenidən tərbiyə edilir”, onların “rusiyalı” olduğu barədə danışılır, məcburən Rusiya himni öyrədilir və “hər hansı ailəyə qanunsuz olaraq verilməzdən” öncə Ukraynaya qarşı ovqata köklənir. Əgər uşaqlar müqavimət göstərərlərsə, onlar, guya, döyülür. Uşaqlardan yaşca böyük olanlar artıq hərbi hazırlıq keçib.
Jurnalistlər yazır ki, Ukraynanın həddi-buluğa çatmayan vətəndaşlarının kütləvi deportasiyası ilə əlaqəli olan Aleksandr Lukaşenko və Belarusun digər rəsmi şəxsləri ilə bağlı sübutlar Haaqada Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) təqdim edilib.
Beynəlxalq Cinayət Məhkəməsinə təqdim olunan videoların birində Belarus müğənniləri olan Qruzdeva bacılarının “Dubrava” düşərgəsində ukraynalı uşaqlarla söhbət etdikləri göstərilib.
“Biz sülh şəraitində yaşamaq istəyirik! Qoy Baydenlə Zelenski cəhənnəm olsun, Putin çiçəklənsin və bütün Ukraynanı nəzarətə götürsün”, – vokalçılar səhnədən bəyan edib.
Xatırladaq ki, minlərlə ukraynalı uşaqların Rusiyaya məcburi deportasiyasına görə Kreml rəhbəri Vladimir Putinin və Rusiyanın körpə hüquqları üzrə müvəkkili Mariya Lvova-Belovanın həbslərinə artıq Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən mart ayında order verilib.
BCM- in araşdırması indi genişlınə bilər və Lukaşenko və digər məmurlar da buraya daxil edilə bilər. Məhkəmə bəyan edib ki, alınan informasiyanı dəyərləndirib və xatırladıb ki, belə məlumatların “konfidensiallığını müdafiə etməyə borcludur”.