
“Rusiya kimi azğın bir dövlətin ordusuyla iki ilə yaxın müddətdə döyüşə komandanlıq etmək asan məsələ deyil…”
“Əgər Zalujnı hansısa günahına, mənfi cəhətlərinə görə vəzifədən azad edilsəydi, Zelenski ona Ukrayna Milli Qəhrəmanı adını verməzdi…”
“General Zalujnı peşəkar hərbçi idi. İki ilə yaxın müddətdə Rusiyanın canlı qüvvə və texnika sayına görə dəfələrlə üstün ordusuyla qeyri-bərabər döyüşdə Ukrayna ordusuna çox cəsur, qabiliyyətli və fədakar bir general kimi komandanlıq etdi. Onun yerinə təyin edilən Sırski də eyni müddətdə və ağır şəraitdə Quru Qoşunlarına komandanlıq edib. Buna görə də burada heç bir fəlakət yoxdur. Ukrayna ordusu, Ukrayna xalqı bundan sonra da var gücü ilə Rusiya işğalçılarıyla qələbəyədək mübarizə aparacaq”.
Bu fikirləri Moderator.az-a açıqlamasında Rusiyanın Ukraynaya genişmiqyaslı təcavüzünün ikinci ildönümü haqda danışan sabiq müdafiə naziri, general-mayor Tacəddin Mehdiyev ifadə edib.
“Görünür, ordu komandanlığındakı bu yerdəyişmələrdə Ukrayna rəhbərliyinin, Prezident Zelenskinin xüsusi məqsədi var. Əgər Zalujnı hansısa günahına, mənfi cəhətlərinə görə vəzifədən azad edilsəydi, Zelenski ona Ukrayna Milli Qəhrəmanı adını verməzdi. Hesab edirəm ki, o sadəcə yorulmuşdu. Rusiya kimi azğın bir dövlətin ordusuyla iki ilə yaxın müddətdə döyüşə komandanlıq etmək asan məsələ deyil. Odur ki, inanıram ki, Ukraynada hər şey operativ əməliyyat şəraitinə uyğun olaraq öz qaydasında gedir”,- deyə davamında general-mayor bildirib.
“Avdeyevkadan Ukrayna qoşunlarının geri çəkilməsini də ölkə daxilində və xaricdəki bəzi ekspertlər böyük bir uğursuzluq kimi dəyərləndirirlər. Buna necə baxırsız?” sualını isə keçmiş nazir belə cavablandırıb:
“Bunlar da hamısı mənasız söhbətlərdir. Düzdü, Avdeyevka Donetsk şəhərinin cəmi 18 kilometrliyində yerləşən bir şəhər kimi strateji əhəmiyyətə malik olsa da, hazırda o, ruslar tərəfindən darmadağın edilib. Odur ki, onu oradakı Ukrayna döyüşçülərinin mühasirəyə düşməsi təhlükəsi altında əldə saxlamağın heç bir mənası yox idi. İkincisi də, Avdeyevka uğrunda cəmi bir neçə aylıq döyüşdə Ukrayna hərbçiləri Rusiya ordusunu çox ağır itkilərə məruz qoydu. Bəzi hesablamalara görə, bu rəqəm sovet-rus ordusunun on il ərzində Əfqanıstanda apardığı müharibədəki itkilərindən dəfələrlə çoxdur. İnşallah, bir müddət sonra bir gün eşidəyəcəyik ki, Ukrayna ordusu yenidən Avdeyevkaya nəzarəti ələ keçirib. Ümumiyyətlə, hesab edirəm ki, bütün çətinliklərə rəğmən əgər ABŞ Konqresi Ukraynaya gözlənilən yardım məbləğini təsdiqləsə, ona yetərincə silah-sursat, raketlər “F-16”-lar verilsə, Ukrayna Rusiya ordusunu öz ərazilərindən, o cümlədən Krımdan da çıxarmağa nail olacaq”.
Sultan Laçın