Ukraynalı deputatların 2023-cü ildə müharibənin gedişatı ilə bağlı gözləntiləri nədir?

Ukraynalı deputatların 2023-cü ildə müharibənin gedişatı ilə bağlı gözləntiləri nədir?

Ukrayna Ali Radasının deputatları Qərb ölkələrini 2023-cü ildə Kiyevə siyasi, iqtisadi və hərbi yardımları artırmağa, Rusiyaya qarşı sanksiyaları genişləndirməyə çağırırlar. Qanunverici orqanın üzvlərinin fikrincə, bu, Ukraynanın öz torpaqlarını işğaldan azad etməsi, totalitarizm və Rusiya üzərində qələbə üçün böyük önəm daşıyır.

 

Ukrayna Ali Radasının deputatı Yaroslav Yurçişin “Report”un Şərqi Avropa bürosuna bildirib ki, ölkəsi, xüsusən onun Silahlı Qüvvələri bütün dünya üçün 2022-ci ilin əsas kəşfi olub.

 

O deyib ki, Rusiyanın bir neçə aya Ukraynanı işğal etmək arzusu Avropada son onilliklərin ən uzunmüddətli müharibəsinə çevrilib. Deputat söyləyib ki, bu müharibəni dayandırmağın yolu bütün inkişaf etmiş dünyanın, demokratik ölkələrin fəal yardımından keçir.

 

“Çünki Rusiya iqtisadiyyatının bloklanmasının gücləndirilməsi, Moskvaya qarşı sanksiyaların sərtləşdirilməsi müharibənin bu il başa çatmasına, Ukraynanın ərazilərini işğaldan azad etməsinə gətirib çıxaracaq. Ötən il Ukrayna ordusu Niderlandın sahəsi qədər ərazini işğaldan azad edib. Yəni totalitarizm, Rusiya üzərində qələbə qazanmaq beynəlxalq cəmiyyətin əlindədir”, – Y.Yurçişin bildirib.

 

 

O vurğulayıb ki, Ukrayna bütün ərazilərini işğaldan azad edənə qədər mübarizə aparacaq.

 

Y.Yurçişin diqqətə çatdırıb ki, Ukrayna daha demokratik idarəçilik əldə etmələri üçün Rusiyada yaşayan kiçik xalqlara yardım edəcək. Onun fikrincə, ənənəsinə uyğun olaraq, kənarda qalmayan Qərb dünyası isə indi Rusiyanın təcavüzünün daha erkən başa çatmasına aktiv şəkildə təsir edə bilər:

 

“Əgər Moskvanı dayandırmasalar, daha da pis olacaq. Rusiya artıq Baltikyanı və Orta Asiya ölkələrinə qarşı ərazi iddiaları irəli sürüb. Odur ki, hər şey öz əlimizdədir. 2023-cü ilin demokratiyanın totalitarizm, Ukraynanın Rusiya üzərində qələbəsi ili olacağına əminik”.

 

Ali Radanın digər deputatı Svyatoslav Yuraş isə qeyd edib ki, yeni ildə müharibənin sülh ilə bitəcəyini gözləmək çox çətindir.

 

O deyib ki, çünki Rusiya bütün – diplomatik, hərbi, siyasi yollarla Prezident Volodimir Zelenskinin səsləndirdiyi konkret, 10 maddəlik sülh təkliflərinə razı olmadığını göstərir.

 

S.Yuraşın fikrincə, Rusiya Prezidenti V.Putin həm Ukraynanın, həm də regionun gələcəyinə dair fantaziyalarını qorumağa çalışır: “Amma bütün dünya onun ambisialarının nə qədər qısır olduğunu gördü. Onun 3 gün çəkəcəyini düşündüyü şey artıq 10 aydır bütün cəbhəboyu, ümumilikdə isə 9 ildir davam edir. O, bizi “sındıra” bilmədi. Məqsədimiz Ukraynanı qorumaq, gələcəyimizi müəyyən edə, yarada bilməkdir. Ona görə də Rusiya rəhbərliyinin fantaziyalarının bizim üçün heç bir anlamı yoxdur”.

 

Deputat vurğulayıb ki, Kiyevin geri çəkilmək və təslim olmaq niyyəti yoxdur: “Mübarizəmizi davam etdirəcəyik və bütün dünyaya Ukraynanın olduğunu və var olacağını sübut edəcəyik. Bunu hərbi yolla göstərəcəyik”.

Mənbə

Share: