“Ukraynanı dəstəkləmək üçün ukraynalı olmaq mütləq deyil, sadəcə, insan olmaq kifayətdir…”

“Rusiyanın hərbi bazaları, böyük iqtisadi asılılıq, mədəni və dil rusifiksıyası-Lukaşenkonun kimin tərəfində olduğu göz önündədir…”

 

“120 il ərzində Nobel sülh mükafatı 109 mülki şəxsə və 25 təşkilata verilib…”

 

Norveçin paytaxtı Oslo şəhərində Nobel sülh mükafatlarının təqdim edilməsi mərasimi keçirilib.

 

Bu il bu mükafata Ukraynanın “Vətəndaş azadlıqları Mərkəzi”, Rusiyanın “Memorial” təşkilatı, həmçinin Belarusun “Vesna” hüquq müdafiə mərkəzinin sədri, siyasi məhbus Ales Belyatski layiq görülüb. 

 

Moderator.az xəbər verir ki, bu barədə “Azadlıq Radiosu” məlumat yayıb.

 

Rusiyada məhkəmənin qərarı ilə ləğv edilən və xarici agent kimi tanınan “Memorial” təşkilatı idarə heyətinin sədri Yan Raçinski təmsil edib. Öz çıxışında o, qeyd edib ki, “Vladimir Putin hakimiyyətə gəldikdən sonra Rusiyanın yeni rəhbərliyi və onun ideoloji xidmətçiləri öz siyasi maraqları naminə tarixi həqiqəti məhv edərək “öz qonşularına qarşı aqressiv və şiddətli xatirə müharibələrinə başlayıb”. 

 

“Bu onunla bitib ki, “millətçilik” və “benderçiliyə” qarşı mübarizə Ukraynaya qarşı ağılsız və cinayətkar qəsbkar müharibəsinin ideoloji əsaslandırması və təbliğat təminatına çevrilib”, – Raçinski deyib.

 

Ukraynanın “Vətəndaş azadlıqları Mərkəzi”ni mərasimdə onun rəhbəri, hüquq müdafiəçisi Aleksandra Matviyçuk təmsil edib. O, müharibəni dayandırmağa və Ukraynaya yardım etməyə çağırış edib:

 

“Biz bilmirik nə qədər zamanımız qalıb. Nobel sülh mükafatının təqdimetmə mərasimini müharibə zamanı keçirildiyindən, mən bütün dünyada insanlara müraciət edib, onları həmrəyliyə səsləyirəm. Ukraynaya dəstək vermək üçün ukraynalı olmaq mütləq deyil. Sadəcə, insan olmaq kifayətdir”.

 

Hazırda istintaq təcridxanasında olan Belarus hüquq müdafiəçisi Ales Belyatskinin yerinə Osloda mərasimə onun həyat yoldaşı Natalya Pinçuk gəlib. Öz çıxışında o, Rusiya prezidentini nəzərdə tutaraq “beynəlmiləl diktator”la mübarizənin zəruriliyindən danışıb. 

 

“Mən dəqiq bilirəm ki, Rusiya və Putin üçün Ukraynada asılı diktatura lazımdır. Bugünkü Belarusda məzlum xalqın səsi eşidilməyən diktatura kimi. Rusiyanın hərbi bazaları, böyük iqtisadi asılılıq, mədəni və dil rusifikasiyası- Lukaşenkonun kimin tərəfində olmasını göstərən amillər budur. Belarus hakimiyyəti Putinin imkan verdiyi qədər müstəqildir”, – Pinçuk deyib.

 

Nobel sülh mükafatı 1901-ci ildən “sülhün möhkəmlənməsi işinə görkəmli töhfə” üçün verilir.

 

120 il ərzində bu mükafat 109 şəxsə və 25 təşkilata verilib. Lauratlar arasında 18 qadın, o cümlədən ən gənc, Pakistanın 17 yaşlı hüquq müdafiəçisi Malala Yusufzay 2014-cü ildə bu mükafata layiq görülüb. Beynəlxalq Qırmızı Xaç komitəsi Nobel sülh mükafatına 3 dəfə layiq görülüb.

 

Öz tarixi boyunca Nobel sülh mükafatını SSRİ və Rusiyanın 3 vətəndaşı – hüquq müdafiəçisi Andrey Saxarov, SSRİ prezidenti Mixail Qorbaçov və “Novaya qazeta”nın redaktoru Dmitri Muratov alıb.

 

Mənbə

Share: