“ULU ÖNDƏR HEYDƏR ƏLİYEV MİLLİ SƏRVƏTİMİZDİR…”

 “Dövlətin xilası üçün bir dahi insan kifayətdir”.

              

O, dövlət başçıları, o sərkərdələr tarixdə əbədiləşir,adları, əməlləri, tarixi xidmətləri əsrlərdən -əsrlərə, nəsillərdən-nəsillərə keçir ki, onlar həyatları boyu xalqa arxalanır, Vətəninə xidmət edir, bütün zəka və qüvvələrini xalq, Vətən yolunda sərf edirlər. O şəxsiyyətlərdən biri də Heydər Əliyevdir. Müstəqil Azərbaycan yaşadıqca, ulu öndər Heydər Əliyev də ürəklərdə yaşayacaqdır. Heydər Əliyev də Tanrının Azərbaycan xalqının taleyinə bəxş etdiyi bir qismət, zamanında millətinin xilaskarı olmaq üçün göndərilən bir dahi insan idi. Hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi insanlar var. Həmin dahilər öz qətiyyətləri ilə mənsub olduqları xalqı arxasınca aparıb, ən taleyüklü məqamlarda qalib rolu oynamışlar. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür.  Müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir. Ötən illərə nəzər salarkən Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərin bir daha şahidi oluruq. İntibah və milli şüurun oyanışı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlamış, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter almışdır. Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilmişdir. Vətəni, xalqı qarşısında misilsiz xidmətlərinə görədir ki, bu gün ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ölkəmizin hər yerində və onun hüdudlarından kənarda hər bir azərbaycanlının yüksək ehtiramı və dərin minnətdarlıq hissi ilə geniş qeyd olunur. Heydər Əliyev keçdiyi böyük, mənalı və şərəfli həyat yolu zaman və məkan anlayışına sığmır. Ümummilli lider Heydər Əliyevin xarakterində və fəaliyyətində doğma xalqına bağlılıq və təəssübkeşlik hələ gənc yaşlarından özünü göstərirdi. Naxçıvanda sadə, zəhmətkeş bir azərbaycanlı ailəsində dünyaya göz açan bu böyük insan hələ gəncliyindən yüksək vəzifələr tutmuş, çiyinlərində böyük bir ölkənin yükünü daşımışdır.

    1054673

 

 

Məhz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi o illərdə bugünkü dövlət müstəqilliyimizin möhkəm təməli qoyuldu, milli ruh, azərbaycançılıq məfkurəsi yüksəlməyə başladı. Heydər Əliyev Azərbaycanda və ya sovet rəhbərliyində olsaydı heç vaxt Dağlıq Qarabağ kimi problem meydana çıxmazdı. Heydər Əliyev amili, onun gücü, qüdrəti erməni millətçilərini belə təxribatlardan çəkindirirdi. 1991-1993-cü illərdə Naxçıvana rəhbərliyi dövründə Heydər Əliyev tərəfindən respublikamızın müstəqilliyi yolunda mühüm addımlar atıldı, Muxtar Respublikanın adından “sovet sosialist” sözləri çıxarıldı, üç rəngli milli bayrağımız ilk dəfə Naxçıvanda dövlət bayrağı kimi qəbul olundu, dünya azərbaycanlılarının həmrəyliyi günü müəyyən edildi, 20 yanvar faciəsinə siyasi qiymət verildi, SSRİ-nin saxlanılması barədə referendumdan imtina edildi, mühüm imperiya strukturlarının fəaliyyəti dayandırıldı, ilk dəfə olaraq sovet qoşun hissələri Muxtar Respublikadan çıxarıldı. Lakin 1991-ci ildə dövlət müstəqilliyini yenicə bərpa etmiş ölkəmiz onu itirmək təhlükəsi qarşısında qalmışdı. Ölkədə müharibə gedirdi. İdarəçilik isə yox dərəcəsində idi. Respublikada xaos, anarxiya hökm sürürdü. Yeganə nicat yolunu Heydər Əliyevin qayıdışında görən Azərbaycan xalqı onu təkidlə hakimiyyətə çağırırdı. Xalqımız inanırdı ki, Azərbaycanı düşdüyü bu ağır vəziyyətdən, sosial-iqtisadi, hərbi-siyasi böhrandan yalnız Heydər Əliyev xilas edə bilər. Heydər Əliyevin Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi əbədilik qazanması, heç də təsadüfi deyil. Məhz Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi ağır günlərdə xalqının iradəsinə tabe olan Heydər Əliyev ölkə rəhbərliyinə qayıdaraq müstəqil Azərbaycan Respublikasını, Azərbaycan xalqını, milli-azadlıq hərəkatında qazanılmış tarixi nailiyyətləri məhv olmaqdan xilas etmək kimi çox çətin və şərəfli bir missiyanı öz üzərinə götürdü. Heydər Əliyev öz siyasi bacarığını, çoxillik idarəçilik səriştəsini əsirgəmədən xalqının firavanlığı və dövlətinin müstəqilliyi yolunda yorulmadan xidmətdə olduğunu bir daha sübut etdi. Eyni zamanda, ölkəmizdə siyasi partiyaların, ictimai təşkilatların azad fəaliyyəti, senzuranın aradan qaldırılması, yüzlərlə mətbuat orqanının sərbəst nəşr olunması, özəl radio və televiziya kanallarının yayımlanması siyasi plüralizmin, azad fikrin, demokratiyanın və vətəndaş cəmiyyətinin inkişafına böyük təkan verdi. Ümummilli Lider həm də Azərbaycan tarixində ən görkəmli dövlət xadimi kimi əbədi bir milli sərvət – Heydər Əliyev dövlətçilik məktəbini yaratdı. Ulu Öndərin 2003-cü ildə tarixi müraciətində xalqa müəyyənləşdirdiyi siyasəti davam etdirə biləcək dəqiq ünvanı göstərdi: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Bəli, zaman Heydər Əliyevin bu inamını təsdiq edir və Ümummilli Liderin layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev Azərbaycana bacarıqla rəhbərlik edir, müdrik siyasəti ilə ölkəmizi irəli aparır. Dövlətin sükanının etibarlı əllərdə olduğunu görən xalq öz Prezidentinə daim dəstək verir və onun arxasınca inamla gedir. İşğal edilmiş torpaqlarımız azad edildi. Tarixin möcüzələrini yaşayırıq. Ulu öndərin adını daşıyan Heydər Əliyev Fondu da xeyirxahlıq, sülh, insanpərvərlik kimi bəşəri amallar uğrunda nəcib fəaliyyəti ilə ölkədə həyata keçirilən çoxşaxəli islahatlara dəyərli töhfələr verir, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Fondun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə reallaşdırılan çoxsaylı layihələr, həyata keçirilən tədbirlər öz müsbət nəticələrini verməklə xalqımızın Heydər Əliyev ocağına olan sevgisini daha da gücləndirir. Böyük qürur hissi ilə deyə bilərik ki, möhkəm bünövrə üzərində formalaşmış Azərbaycan dövləti özünün yeni müasir inkişaf dövrünü yaşayır. Hər birimiz Heydər Əliyevin dövlətçilik amallarına sadiq qalaraq Ulu Öndərin yüksək ideyalarını yaşatmaq və inkişaf etdirmək, Azərbaycan tarixinin yeni şanlı səhifələrini yazmaq naminə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ətrafında sıx birləşərək, əlimizdən gələni əsirgəməməli, dövlət başçısının yüksək etimadına uyğun olaraq ölkəmizin hərtərəfli tərəqqisi üçün öz vəzifələrimizi layiqincə yerinə yetirməli və daha əzmkarlıqla çalışmalıyıq. Azərbaycan zəngin ölkədir, onun istedadlı insanları, tükənməz təbii sərvətləri var, lakin bizim ən böyük sərvətimiz Heydər Əliyevdir. Müasiri olan dünya liderləri, tanınmış dövlət adamları və siyasi xadimləri tərəfindən dünya miqyasında böyüklüyü etiraf edilən, o cümlədən ABŞ-ın sabiq Prezidenti Corc Buşun “şəksiz lider”, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “türk dünyasının tanınan və sevilən lideri”, Rusiya Prezidenti Vladimir Putinin “siyasi nəhəng”, Fransanın sabiq Prezidenti Jak Şirakın “qeyriadi şəxsiyyət” adlandırdıqları Heydər Əliyev şəxsiyyətinin nəhəngliyi bu günlərdə yenidən göz önündə canlanır, qəlbimizdə bir daha qürur və iftixar hissləri baş qaldırır. Azərbaycan xalqı xoşbəxtdir ki, onun Heydər Əliyev kimi Ulu Öndəri, dünyanın hörmətlə yanaşdığı və qəbul etdiyi ümummilli lideri var. Və bu gün hər birimiz dərk edirik ki, müstəqil Azərbaycan dövləti bütün həyatı və fəaliyyəti tariximizə qızıl hərflərlə həkk olunmuş Heydər Əliyevin şah əsəridir. Şübhə yoxdur ki, xalqımız onun müəllifini özünün tarixində və qəlbində əbədi yaşadacaq, Azərbaycan və Heydər Əliyevin adı əsrlər boyu bütün dünyada qoşa səslənəcəkdir. Azərbaycan xalqı Ulu Öndərin siyasi kursunu davam etdirməklə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da öz tarixinin yeni, şanlı səhifələrini yazacaq, daha yüksək zirvələr fəth edəcəkdir.

 

Milli Dəyərlər  üzrə Maarifləndirmə  İctimai Birliyinin  sədri

Gülşən BEHBUD

Mənbə

Share: