Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) ümummilli lider Heydər Əliyevin anım günü münasibətilə tədbir keçirilib.
Tədbirdən öncə UNEC kollektivi Fəxri Xiyabanda ümummilli liderin məzarını ziyarət edərək, məzarı önünə gül dəstələri düzüblər.
Rəsmi tədbirin açılışında ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
UNEC-in prorektoru dosent Şaiq Əsgərov xalqımızın ümummilli lideri Heydər Əliyevin ölkənin dövlətçilik tarixində müstəsna xidmətlərindən söz açaraq, dünya şöhrətli siyasi xadimin hələ sağlığında canlı əfsanəyə çevrildiyini və şah əsəri olan müstəqil Azərbaycanı bütün dünyada layiqincə təmsil etdiyini bildirib. Ulu öndər Heydər Əliyevin öz biliyi, düşüncə qabiliyyəti, qətiyyəti, güclü iradəsi, liderlik bacarığı ilə dünya liderlərindən seçildiyini deyən prorektor, ulu öndər haqqında dünyanın tanınmış siyasətçilərinin söylədikləri dəyərli fikirləri səsləndirib.
YAP Səbail rayon təşkilatının “İstiqlaliyyət 6” ünvanı üzrə ərazi partiya təşkilatının sədri Hikmət Babayev ümummilli lider Heydər Əliyevin Azərbaycanın maraqlarını daim üstün tutmasından söz açaraq, ulu öndər Heydər Əliyevin siyasi irsinin gələcək nəsillərə ötürülməli olduğunu diqqətə çatdırıb.
Tədbirdə çıxış edən professor Məhəbbət Paşayeva, professor Vəkil Həsənov Heydər Əliyevin Azərbaycan dövlətçiliyi tarixində gördüyü misilsiz xidmətlərindən, zəngin həyat və idarəçilik təcrübəsindən, böyük xilaskarlıq missiyasından bəhs ediblər.
Sonra iştirakçılar ümummilli lider Heydər Əliyevə həsr edilən videoçarxı izləyiblər.
Tədbir tələbənin səsləndirdiyi “Sönməz, əbədidir Heydər Əliyev!” şeiri ilə başa çatıb.