2018-ci ilin dünya çempionu və futbol üzrə Fransa milli komandasının oyun sayına görə rekordçusu, qapıçı Uqo Lloris milli komandadakı karyerasını başa vurduğunu açıqlayıb.
O, bu barədə bazar ertəsi Fransanın “L’Equipe” qəzetinə danışıb.
“Elə bir vaxt gəlir ki, sən sükanı təhvil verməlisən. Fikrimcə, komanda inkişaf etməyə hazırdır. Bir nömrəli olmağa hazır olan qapıçı da var”, – Lloris deyib.
Llorisin 36 yaşı var. O, 2012-ci ildən İngiltərənin “Tottenhem Hotspur” klubunda çıxış edir. Qapıçı əvvəllər Fransanın “Lion” və “Nitsa” klublarının da formasını geyib. “Lion”la 2012-ci ildə Fransa kubokunu və Superkubokunu qazanıb.
Lloris Fransa millisinin heyətində 145 oyun keçirib. 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatında milli komandada keçirdiyi oyunların sayına görə keçmiş rekordçu Lilian Türamı (142) ötüb.
Lloris 2018-ci il dünya çempionu, 2022-ci ilin gümüş mükafatçısı, 2016-cı il Avropa çempionatının finalçısı və 2020/21 Millətlər Liqasının qalibidir.