Dünya Səhiyyə Təşkilatının (DST) rəyinə görə, uşaq və gənclər hər gün bir saat hərəkətdə olmalıdırlar. Sağlamlıq və inkişaf üçün mühüm olan bu aktivliyin azalması isə bütün dünyanı əhatə edən bir trendə çevrilir.
Milletinsesi.az AZƏRTAC-a istinadən bildirir ki, dünya üzrə 11-17 yaşlıların yalnız beşdəbiri gündəlik bir saatlıq hərəkət rejimini həyata keçirir. Beynəlxalq təşkilatın hazırladığı hesabata görə, 2016-cı ildə oğlanların 71,2 faizi, qızların isə 84,5 faizi yetərincə fiziki aktivliyə malik olmayıblar. Hesabatın həmmüəlliflərindən biri olan Lenni Rayli bildirib ki, cəmiyyətdə baş verən “elektronik inqilab”, ilk növbədə, yeniyetmələrin hərəkətliliyini deformasiyaya uğradıb. Hazırda yeniyetmələr aktiv hərəkət etməkdənsə, daha çox oturmağa, hansısa məsafəni piyada getməkdənsə, daha çox nəqliyyat vasitələrindən istifadəyə üstünlük verirlər. Həmçinin uşaq və gənclərin aktiv oyunlar əvəzinə rəqəmsal oyunlara meyilliliyinin artması da yeni nəslin əsas bəlaları sırasındadır.
Hesabatda, həmçinin qeyd edilir ki, uşaq və yeniyetmələrin az hərəkət etməsini bəzi regionlardakı təhlükəsizliklə də əlaqələndirmək olar. Bir sıra regionlarda və yaşayış mühitində asudə vaxtı açıq havada deyil, evdə və qapalı ərazilərdə keçirmək, məktəbə piyada deyil, nəqliyyat vasitələri ilə getmək daha təhlükəsiz hesab edilir.
Dünya Səhiyyə Təşkilatına görə, 5-17 yaşlı uşaq və yeniyetmələr hər gün azı 60 dəqiqə aktiv hərəkətdə olmalıdırlar. Bundan daha artıq aktiv hərəkət sağlamlıq üçün faydalıdır. Orta və yaşlı nəsil isə (18-64 yaş) həftədə azı 150 dəqiqə hərəkətdə olmalı və ya alternativ olaraq ən azı 75 dəqiqə idmanla məşğul olmalıdır.