Azərbaycanda uşaqlar üçün ümumrespublika qaynar xəttinin yaradılması nəzərdə tutulur.
Milletinsesi.az bildirir ki, bunu Trend-ə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin köməkçisi Fərid Ədilov deyib.
Onun sözlərinə görə, “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı” çərçivəsində dövlət uşaq müəssisələri məzunlarının cəmiyyətə inteqrasiyası ilə bağlı mövcud mexanizmin təkmilləşdirilməsi, o cümlədən monitorinq və qiymətləndirmənin həyata keçirilməsi, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların sosial və digər xidmətlərdən istifadəsi və cəmiyyətə inteqrasiyası nəzərdə tutulur:
“Bununla yanaşı, uşaqlar üçün ümumrespublika qaynar xəttinin yaradılması, uşaqlara qarşı hər cür zorakılığın mənfi nəticələri haqqında maarifləndirmə tədbirlərinin, eləcə də uşaq əməyinin və uşaqların cinsi istismarı hallarının aşkar edilməsi və bu halların qarşısının alınması istiqamətində qurumlararası əlaqələndirmə işinin təşkili və fəaliyyətin gücləndirilməsi, Ermənistanın təcavüzü nəticəsində əziyyət çəkən ailələrin uşaqlarına sosial və psixoloji dəstək göstərilməsi istiqamətində tədbirlərin artırılması, xarici ölkələrdə münaqişə qurbanı olmuş və Azərbaycan vətəndaşı olan uşaqların ölkəyə qaytarıldıqdan sonra reabilitasiyası və cəmiyyətə reinteqrasiyası istiqamətində tədbirlər daxildir”.
F.Ədilov əlavə edib ki, erkən yaş dövründə uşaqların fiziki və əqli inkişafının təmin edilməsi, sağlam qidalanması istiqamətində tədbirlər görülməsi, eləcə də uşaqların sağlam böyüməsi üçün göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılması nəzərdə tutulur.
Onun sözlərinə görə, digər mühüm bir istiqamət həssas təbəqəyə aid edilən uşaqların sosial xidmətlərə əlçatanlığının artırılmasıdır.