Uşaq artıq 3 yaşda bağçaya getməklə ailə əhatəsinin hüdudlarından kənara çıxır və ətrafında olan böyüklərin daha geniş dünyası ilə tanış olur. Böyüklərlə ünsiyyət qeyri-situativ xarakter daşıyır. Uşaq və böyüklər arasında iki qeyri-situativ ünsiyyət növü formalaşır: intellektual və fərdi (şəxsi). 3-4 yaşlarında intellekt motivləri və böyüklərə hörmət ehtiyacı ilə xarakterizə olunan qeyri-ixtiyarı idrak forması inkişaf edir. Uşağın intellektual ehtiyacı və maraqlarının genişlənməsi böyüklərə çoxsaylı suallar verməyə başlamasına səbəb olur. Bu yaşlarda ilk dəfə olaraq ünsiyyət qeyri-adi xarakter alır. 3-4 yaşda həmyaşıdları ilə ünsiyyət uşağın həyatının vacib hissəsinə çevrilir.
Birgə oyunlar zamanı uşağın həmyaşıdları ilə ünsiyyəti baş verir. Birlikdə oynayan uşaqlar digərinin istək və hərəkətlərini nəzərə almağa, fikirlərini qorumağa, birgə planlar qurmağa və həyata keçirməyə başlayırlar. Buna görə oyun bu dövrdə uşaqlar arasında ünsiyyətin inkişafına böyük təsir göstərir. Bu səbəbdən elə oyuncaqlar seçilməlidir ki, spesifik xüsusiyyətlərlərinə görə fərqlənsin. Bu oyuncaqlar uşağın kommunikativ hərəkətlərin zənginliyi və müxtəlifliyini, emosionallığını, qeyri-standart və tənzimlənməyən kommunikativ təzahürlərini təmin etsin.
Moderator.az tədqiqatçılar Əhməd Qəşəmoğlu və Laləzər Cəfərovanın şəxsiyyətin bir yaşdan etibarən formalaşdırılması ilə bağlı apardıqları silsilə elmi araşdırmalara istinadən uşaqların 3 yaşdan sonrakı inkişafı ilə bağlı maraqlı faktları təqdim edir.
3 yaşlı oğlan və qızlar üçün oyuncaqlar seçərkən bir neçə vacib meyarlara əməl edilməlidir:
Estetik görüntü. Oyuncaq yaxşı hisslər yaratmalı, estetik zövqü formalaşdırmalıdır. Heç bir halda təcavüz, qəddarlıq, zorakılıq kimi mənfi emosiyalara səbəb olmamalıdır.
Oyuncağın faydası. Cəlbedici görünüş vacib bir meyardır. Ancaq oyuncaq verəcəyi faydaları nəzərə alaraq seçilməlidir:
Fiziki inkişaf üçün. Müxtəlif ölçülü toplar, velosiped və s. – bütün bunlar uşağın fiziki cəhətdən sağlam böyüməsinə kömək edir. Yəni, elə oyuncaqlar seçilməlidir ki, onlardan istifadə hökmən uşağın fiziki, intellektual inkişafına kömək etsin.
Dünyagörüşünü genişləndirmək üçün. Bunun üçün rəngarəng, dünyagörüşünü artıra bilən təsvirlər, az sayda elementləri olan bulmacalar, pazıllar, müxtəlif məlumatlar verə bilən durbinlər və s. seçilə bilər.
Quraşdırma üçün. Motor bacarıqlarının inkişafı, məntiq, həndəsi formalar və rənglərlə tanışlıq – bütün bunlar quraşdırmalar, kublar, dairə formalı vəsaitlər. Bu tip oyuncaqlar həm motor bacarıqlarının, həm də intellektin inkişafa kömək edir.
Tematik. Bu tip oyuncaqlar uşaqlara rollu-sujetli oyunlar oynamağa – ana, ata, müxtəlif peşə sahibi rolunu “sınamağa” şərait yaradır: aşbaz, həkim, sürücü rolunu oynamağa imkan verir. Bu tip oyunlar gələcəkdə uşağın daha yaxşı sosial uyğunlaşması üçün faydalıdır.
Yaradıcılıq üçün. Yaradıcı meyllər intellektual və fiziki inkişaf qədər vacibdir. Gələcəkdə uşaq məşhur bir sənətkar olmasa belə, onun estetik qavrayışını inkişaf edəcək, yaradıcılıq potensialı hərəkətə gələcəkdir. Sadalanan uşaq oyuncaqları hərtərəfli inkişafa kömək edir.
Sadəlik və əlçatanlıq . Bəzən valideynlər çox mürəkkəb olan oyuncaqlar alırlar. Məsələn, qatar və ya telefon ola bilən təkərləri plastikdən hazırlanan fil. Böyüklər düşünür ki, “çox funksiyalı” filin oğlunu və ya qızını daha sürətli inkişaf etdirəcək. Ancaq əslində bu cür oyuncaqlar uşaqda düzgün olmayan təsəvvürlər formalaşdırır. Oyuncaqların təhlükəsiz, sadə, reallığa uyğun olması, məzmunlu oyunlar oynamağa imkan verməsi daha mühüm tərəfləridir. Bir məsələyə də diqqət vermək lazımdır. Oyuncaqlar o qədər fərqli, bahalı olmamalıdır ki, bu uşağın lovğalığına, başqa uşaqların həsəd aparmasına səbəb olsun. Əgər belə bir oyuncaq olarsa, ondan uşağın bütün yoldaşlarının istifadə etməsi üçün şərait yaratmaq lazımdır.
Təhlükəsizlik . Bir oyuncaq alarkən onun təhlükəsizliyinə əmin olmalısınız. Bir neçə nüansa riayət etmək vacibdir: Kiçik hissələri olan oyuncaqlar seçməyə ehtiyac yoxdur. Udma və boğazda qalma riski yaradırlar. Oyuncaqda uşağa, yaxud onun kiçik bacı-qardaşına təhlükə yarada biləcək cəhətlər olmamalıdır. Onun hazırlandığı məhsulun da təhlükəsiz olmasına əmin olmaq lazımdır.
Bu yaşda olan uşaqlar üçün alınan oyuncaqlarla qurulan oyunlar elə bu yarımfəsildə onların inkişafı üçün qarşıya qoyulmuş hədəflərə çatmağa kömək etməlidir.
3-4 yaş uşağa alınan oyuncaqlar misal üçün, qələmi böyüklər kimi tutma, səliqə-səhman yaratmaq, iri muncuqları ipə düzmək, ev işləri ilə məşğul olmaq, avtomobili işə salmaq, idarəetmə kimi bacarıqlarını inkişaf etdirir. Paylaşma duyğusunun inkişaf etdiyi bu dövrdə uşaqlar əməkdaşlığa söykənən oyunlar oynamağı, kitablara baxmağı xoşlayırlar. Ona görə də onlara kitaba maraq yarada bilən oyuncaqların alınması da lazımdır.
Kiçik qatarlar, üç təkərli velosiped, gerçəyə bənzər vasitələr, üzdürülə bilən gəmilər, park oyuncaqları, irili-xırdalı taxta bloklar, rəng-şəkil və şəkilə görə uyğunlaşdırma oyuncaqları, sadə sayma oyuncaqları, mətbəx, həkim dəstləri, oyuncaq telefon, körpə evləri, hər cür ritm aləti, boya qələmləri, şəkil kağızları, hekayə kitabları, oyun xəmirləri və oyuncaq gəlinciklər bu yaş qrupuna uyğun oyuncaqlardır
Psixoloq və pedaqoqların məsləhət bildiyi ən əsas bir necə inkişafetdirici oyuncağa nəzər salaq.
Konstruktor – ən vacib oyuncaqlardandır. Bu yaş qrupu üçün konstruktor alarkən fikir vermək lazımdır ki, dəst evlər, qatarlar, avtomobillər, heyvan fiqurları və daha çox detallar olsun.
Bizibord – inkişaf lövhəsidir. Üzərində dəliklər kəsiklər, ciblər, qutuları, açıla bilən, bağlanan, bərkidilmiş və bağlanmayan digər detallar yapışdırılır. Belə oyuncaqların məqsədi məntiqi formalaşdırmaq, düşüncə və sürətli zehni inkişaf etdirməkdir. Belə lövhələr əzmkarlıq aşılayır, barmaqlar ilə dəqiq, kiçik hərəkətləri daha yaxşı yerinə yetirməyə kömək edir.
Rollu oyunlar üçün tematik dəstlər – Rola girməklə təşkil edilən oyunlar uşaqlara ünsiyyət qurmağı, dost tapmağı, məsuliyyətli olmağı, bir sıra hadisələrə hazırlanmalarına kömək edir. Misal üçün, həkim roluna girmək uşağa həkimin yanında daha sakit davranmağa, müəllim rolu onu təhsilə həvəsləndirməyə, yol polisi rolu ona yol keçən zaman daha diqqətli olmağa və kömək edir. Çalışmaq lazımdır ki, uşağın tez-tez qarşılaşdığı situasiyalarla bağlı oyunlar oynamasına imkan verən oyuncaqları daha çox olsun.
3-4 yaşlı uşaqların oyuncaqlarının içərisində aşağıdakı oyuncaqların olması tövsiyyə olunur: 1.Gəlinciklər: toxunma paltarlı 25-30 sm. boyu olan yumşaq kukla; müxtəlif paltar dəsti ilə 20-25 sm. plastik materialdan olan kukla; gəlinciklər üçün mebel dəstləri, yataq dəstləri; gəlincik arabası; kuklalar üçün yelləncək; oyuncaq məişət texnikası: qablar, soyuducu, TV, saç qurudan və s. Və yaxud, digər oyuncaqlar: heyvanları və onların balalarını təsvir edən yumşaq və plastik oyuncaqlar; quraşdırma oyuncaqları; bir neçə iri avtomobil (sərnişin və yük daşınması üçün, inşaat avadanlığı).
Rol oyunları üçün dəstlər: “Həkim”, “Bərbər”, “Mağaza”.
Oyuncaq kimi istifadə edilə bilən müxtəlif əvəzedici əşyalar: misal üçün evdəki boş butulkalar, onların qapaqları, parça qırıntıları, rəngli kağızlar, konfet qabıqları, qoz, fındıq, palıd ağacının qozası və s. Bəzi valideynlər bu oyuncaqları dəyərləndirmir, lakin bunların uşaqların inkişafında mühüm rolu ola bilər(səliqə ilə kəsilmiş çubuqlar, evdə istifadəyə yararsız olan qablar, hansısa böyük əşyanın qopmuş bir hissəsi və s.) DİQQƏT! Oyuncağı atmazdan əvvəl uşaqdan onun fikrini soruşun: birdən uşağın dəyər verdiyi oyuncağı atsanız və bu ona pis təsir edib, onda psixoloji sarsıntı yarada bilər.
Bu yaşdakı uşaqlar üçün aşağıdakı istiqamətdəki oyuncaqlar da diqqət mərkəzində olmalıdır: qədim milli, ənənəvi olaraq istifadə olunan, milli koloritli oyuncaqlar – məsələn cırtdan, keçəl, ev heyvanları, müxtəlif daşlar, iplər və s. müxtəlif əyləncələrin təşkil edilməsi üçün oyuncaqlar; musiqili oyuncaqlar və s.
Bu yaşdakı uşaqlara böyük matorikanı inkişaf etdirən oyuncaqlar da lazımdır. Bunlara misal olaraq evdə oynamaq üçün yumşaq toplar, küçə üçün rezin toplar, baksetbol torları, velosiped tipli oyuncaqlar, qum və su ilə oynamaq üçün oyuncaqlar və s. almaq olar.
İndi artıq kompüter həyatımızın ayrılmaz bir hissəsinə çevrilmişdir. Biz uşaqlarda kompüterdən istifadə mədəniyyəti də formalaşdırmalıyıq. Əks halda, yaranan boşluq sonradan təsadüfi, zərərli bilgilərlə, vərdişlərlə dola bilər. Eyni zamanda indi uşaqların həyatında onlayn oyunlar da rol oynamağa başlamışdır. Ona görə də uşaqların oyuncaqları işərisində kompüter, onun aksesuarları şəklindəki oyuncaqlar da olmalıdır.