Bakıda usta məzar daşları hazırlayan sexdən oğurluq edib.
Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, Sabunçu rayonu Zabrat qəsəbəsində yerləşən məzar daşlarının hazırlanması və təmiri sexindən oğurluq edilib. Naməlum şəxs əvvəlcə sexin qapısını sındıraraq içəri daxil olub. Daha sonra oradan 2 ədəd noutbuk və 1 ədəd məzar daşlarının hazırlanmasında istifadə edilən avadanlığı oğurlayıb. Hadisə zamanı zərərçəkən sex sahibinə ümumilikdə 6500 manat maddi ziyan dəyib.
Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən qeyd edilən sexdə əvvəllər usta işləyən Qurban Bayramov saxlanılıb. Həmin şəxsin obyektdən oğurladığı əşyalar müəyyən edilərək maddi sübut kimi götürülüb.
Faktla bağlı 15-ci Polis Bölməsində toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.