UTX-nin Xarkov vilayəti üzrə idarəsinin keçmiş rəisi saxlanılıb

 

Ukrayna Təhlükəsizlik Xidmətinin Xarkov vilayəti üzrə idarəsinin keçmiş rəisi Roman Dudin saxlanılıb.

Milletinsesi.az xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, R.Dudin fevralın 24-də “öz təşəbbüsü ilə Ukraynanın müdafiə qabiliyyətinə və dövlət təhlükəsizliyinə xələl gətirən hərəkətlərə başlayıb: “Şübhəli şəxs təhlükəsizlik və müdafiə qüvvələrinin vahid komandanlıq və idarəetmə sisteminin fəaliyyətinə müdaxilə edərək Ukraynanın dövlət suverenliyinin, konstitusiya quruluşunun və ərazi bütövlüyünün müdafiəsi sahəsində UTX-nin vilayət üzrə idarəsinə həvalə edilmiş funksiya və tapşırıqları yerinə yetirməyib. O həmçinin Xarkov Vilayət Hərbi Administrasiyasının sədrini vəzifəsindən kənarlaşdırmaq məqsədi daşıyan çoxmərhələli hərəkətlər edib”.

Qeyd edək ki, daha öncə “Suspilne” nəşri öz mənbələrinə istinad edərək R.Dudinin saxlanılması barədə məlumat yaymışdı.

Xatırladaq ki, mayın sonunda R.Dudinin vəzifəsindən azad olunması məlum olub. Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Xarkov vilayətinə səfərindən sonra bildirib. Ukraynanın dövlət başçısı daha sonra deyib ki, R.Dudin müharibənin ilk günlərindən “yalnız özünü düşünüb”.

Mənbə

Share: