“Üzdüyümüz anda xanımın qoluna ilan sarıldı, nə hala düşdük…” – FOTO

“Üzdüyümüz anda xanımın qoluna ilan sarıldı, nə hala düşdük…” – FOTO

Son zamanlar Xəzər dənizi sahillərində su ilanlarının sayında artım müşahidə olunur. Yay mövsümündə çimərliklərə axın edən vətəndaşlar sahil ərazilərdə tez-tez bu canlılarla qarşılaşırlar.

Milletinsesi.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, dənizdə ilanla qarşılaşan, hətta onunla mübarizə aparmalı olanlardan biri də QHT sədri Mahirə Əmirhüseynovadır.

Feysbuk hesabında bununla bağlı paylaşım edən qadın qeyd edib ki, hadisə Şıxov çimərliyində olub: “Dünən havanın istisinə sevincək olub 6 qadın Şıxov çimərliyinə üz tutduq. Dənizdə bizdən başqa tək bir oğlan var idi. Üzdüyümüz anda İradə xanımın qoluna ilan sarıldı, təsəvvür edin, nə hala düşdük. Köməyə gələn bəy ilanın başından tutub dənizdən çıxardı. Bu adam olmasaydı, qorxudan 6 meyit olmuşduq. Hələ də özümüzə gələ bilmirik, qışqırmaqdan səsimiz də batıb.

Bu oğlan bizim qəhrəmanımız oldu. Adını bilmədiyimiz həmin şəxsə təşəkkür edirik. Allah onu qorusun!”

Xəzərin sahilindəki çimərliklərdə su ilanlarının olması normal hal kimi qarşılansa da, ilk dəfə onu görənləri qorxudur. Onlarla üz-üzə gəlməmək üçün sahillərdə daşlı-qayalı ərazilərdən, qamışlıq yerlərdən uzaq durmaq lazımdır.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Zoologiya İnstitutunun biologiya üzrə fəlsəfə doktoru, dosent Təvəkkül İsgəndərov də saytımıza açıqlamasında qeyd edib ki, bununla bağlı hər hansı bir tədbir görülə bilməz: “Bəzi çimərlik yerlərinə bitişik daşlı-qayalı quru yerlər var, onlar da həmin ərazilərdə yaşayır. Bunların içərisində zəhərli gürzələr də var. Lakin bu canlıların dənizlə əlaqəsi yoxdur, yəni nə qidalanmaq üçün, nə də çoxalmaq üçün. Onlar çimərliyin dəniz olan hissəsinə girmirlər. Ancaq insanlar ərazidə səs edərsə, ocaq yandırarsa, maşın saxlayarsa, həmin ilanlar oyanır. Belə narahatlıqlar olduqda onlar özlərini xilas etmək üçün suya atılırlar. Bu təbii ki, çox nadir ehtimaldır. Ancaq sırf su ilanı insan üçün təhlükəli deyil.

Bunlardan qorunmaq üçün nə tədbir görülə bilər ki? İlanları tutub başqa yerə apara bilmərik ki, burada insanlar istirahət edir. Yəni, bu, mümkün deyil. Amma hər bir halda insan üçün təhlükəlidir. İnsanlar sadəcə ehtiyatlı olmalıdır”.

Share: