Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri tərəfindən “Azərbaycan Ordusunun Vətən müharibəsində zəfər yürüşü və dünya hərb tarixində açdığı yeni səhifə” mövzusunda onlayn dərslər keçirilir.
Milletinsesi.az xəbər verir ki, bu barədə Bakı şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb.
Bildirilib ki, “Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında” Faəliyyət Planına uyğun olaraq keçirilən onlayn dərslərdə Vətən uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilir.
Dərslərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müdrikliyi və böyük sərkərdəlik məharəti sayəsində 44 gün ərzində torpaqlarımızın azad edilməsi barədə şagirdlərə ətraflı məlumatlar verilir.
Xalqımızın Ali Baş Komandanımızın qətiyyəti, ordumuzun əzmi sayəsində tariximizin ən parlaq və unudulmaz zəfərlərindən birini yaşaması, müzəffər Azərbaycan Ordusunun qüdrəti, yenilməz Azərbaycan əsgərinin qəhrəmanlığı məktəblilərin nəzərinə çatdırılır. Bu şanlı Qələbənin əldə edilməsində xalqımızın birliyi və həmrəyliyinin böyük rolu olduğu da vurğulanır.
Dərslərdə II Qarabağ müharibəsi zamanı ermənilər tərəfindən Gəncə və Bərdədə dinc əhaliyə qarşı törədilən terror aktlarından da bəhs edilir.
Düşmən üzərində qalibiyyət qazanan Azərbaycan ordusunun igid əsgərlərinin döyüşlərdə böyük şücaət göstərdiyi bildirilir. Vətən üçün döyüşən qəhrəmanların bəzilərinin şəhidlik zirvəsinə ucaldığı, bəzilərinin isə müxtəlif xəsarətlər aldığı haqda şagirdlərə məlumatlar verilir.
Onlayn dərslərdə şagirdlər vətənpərvərlik mövzusunda şeirlər söyləyir, şəhidlərə həsr olunmuş mahnılar ifa edirlər. Həmçinin, şagirdlərin əl işlərindən və rəsmlərdən ibarət onlayn sərgilər təşkil olunur.