2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. İgid döyüşçülərimiz 44 gün dayanmadan irəlilədilər və otuz il işğal altında qalan torpaqlarımızı azad edərək qəhrəmanlıq dastanı yazdılar.
Milletinsesi.az 44 günlük Vətən müharibəsinin gedişini xronoloji ardıcıllıqla təqdim edir.
Müharibənin 44-cü günü – Ermənistan kapitulyasiya aktı imzaladı
• Müzəffər Azərbaycan Ordusu Füzulinin Qobu Dilağarda, Yal Pirəhmədli, Yuxarı Yağlıvənd, Dilağarda, Seyid Mahmudlu, Ələsgərli, Xocalının Dəmirçilər, Çanaqçı, Mədətkənd, Sığnaq, Xocavəndin Susanlıq, Domi, Tuğ, Akaku, Azıx, Cəbrayılın Hüseynalılar, Söyüdlü, Aşağı Sirik, Qubadlının Yuxarı Mollu, Aşağı Mollu, Xocik, Zəngilanın Keçikli, Ördəkli kəndlərini işğaldan azad edib. Bu barədə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev özünün tviter hesabında bildirib.
• Daha 48 kənd, 1 qəsəbə və 8 strateji yüksəklik işğaldan azad edilib. Bu barədə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev özünün tviter hesabında məlumat verib.
• Prezident İlham Əliyev “BBC News” telekanalına müsahibə verib.
• Döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində davam edib. “Su-25” həmlə təyyarəsi və pilotsuz uçuş aparatlarının tətbiqi ilə hərbi hava qüvvələrimizin cəbhənin Xocavənd istiqamətində endirdiyi aviasiya zərbələri nəticəsində düşmənin səngər və sığınacaqları darmadağın edilib. Ordumuzun bu istiqamətdə və Qırmızı Bazar məntəqəsi ətrafındakı mövqelərə hücumları qarşısında aciz qalan Ermənistan silahlı birləşmələrinin 2-ci və 3-cü motoatıcı alaylarının bölmələri müdafiə hədlərini ataraq qaçıb. Cəbhənin Tərtər istiqamətindən bölmələrimizi atəşə tutan düşmənin 10-cu dağatıcı diviziyasının minaatan heyəti zərərsizləşdirilib. İşğalçı ordunun xeyli sayda canlı qüvvəsi, üç tankı, bir piyada döyüş maşını, iki topu, minaatan heyəti, döyüş sursatı və iki yük avtomobili sıradan çıxarılıb. Bu barədə Müdafiə Nazirliyinin Hərbi İnformasiya Mərkəzində keçirilən brifinqdə məlumat verilib.
• Müdafiə Nazirliyi düşmənin atəş nöqtələrinin və şəxsi heyətinin məhv edilməsini əks etdirən videogörüntü yayıb.
• Laçın-Şuşa yolu üzərindəki Zarıslı kəndi yaxınlığında bölmələrimizə hücum etməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinin bir tankı və bir piyada döyüş maşını vurulub. Xocalı-Şuşa yolu ilə Xankəndi istiqamətində hərəkət edən düşmən ordusunun canlı qüvvə ilə dolu qoşqusunda D-30 topu olan yük maşını zərbə PUA-ları ilə məhv edilib.
• Cəbhənin Xocavənd istiqamətində düşmənin mövqelərinə artilleriya zərbələri endirilib. İşğalçı ordunun “Tor-M2KM” zenit-raket kompleksi, atəş mövqeyinə çıxarılan “Osa” zenit-raket kompleksi, eləcə də canlı qüvvəsi bölmələrimizin dəqiq atəşi ilə məhv edilib.
• Şuşa zəfərinin sevinci və bayraq sevgisi.
• Ermənistanın dinc əhaliyə qarşı törətdiyi təxribatlar nəticəsində sentyabrın 27-dən noyabrın 9-dək 93 mülki şəxs həlak olub, 407 nəfər xəsarət alıb, 3326 ev, 120 çoxmənzilli yaşayış binası və 504 mülki obyekt yararsız vəziyyətə düşüb. Bu barədə Baş Prokurorluq məlumat yayıb.
• FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yerli strukturları işğaldan azad olunmuş ərazilərdə fəaliyyətə başlayıb.
x x x
• Noyabrın 10-na keçən gecə Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə Bəyanat imzalayıblar. Bununla bağlı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciət edib.
• İşğaldan azad edilmiş şəhər və kəndlərimiz – SİYAHI
P.S. Prezident İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərəncamı ilə noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü elan edilib.