Vətəndaş məmnunluğuna xidmət edən innovativ ədliyyə…

XXI əsr öz gəlişi ilə bütün bəşəriyyətə yeni vərdişlər qazandırdı desək, bəlkə də yanılmarıq. Vaxt, zaman anlayışının sürətə bərabər olduğu bu dövr artıq daha çevik bir dillə münasibət qurmağı tələb edir. Azərbaycanın qloballaşma və dünyaya inteqrasiyası yeni sosial zərurətləri özü ilə bərabər həyatımıza daxil etdi. “Daxili” və “xarici”, “bura” və “ora”, “yaxın” və “uzaq” antologiyaları bizi çevrələyən dünyanın müxtəlif qisimlərinin adaptasiya edilmə, əhliləşdirilmə və bilinən olma ölçüsünü göstərdi. Kommunikasiya vasitələrinin davamlı dəyişikliyi və təkmilləşməsi modern tarixin real gerçəkliyidir.

Məhz “sərhəd keçərliliyi”, ”zaman və məkan” anlayışının dəyişdiyi bir zamanda yeni axına – şəffaflığın artırılması və açıq hökumətin təşviqi ilə bağlı fəaliyyətin təkmilləşdirilməsi, bu sahədə beynəlxalq təcrübənin mübadiləsi və beynəlxalq səylərə öz töhfəsini verə bilmək üçün ölkəmiz 2011-ci ildə Açıq Hökumət Tərəfdaşlığına qoşuldu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə dövlət orqanları tərəfindən əhaliyə bütün xidmətlərin vahid məkandan daha keyfiyyətli və rahat həyata keçirilməsi məqsədilə 2012-ci il iyul ayında Vətəndaşlara Xidmət və Sosial innovasiyalar üzrə Dövlət agentliyi təsis edildi və həmin qurumun nəzdində ”ASAN” xidmət mərkəzləri fəaliyyət göstərməyə başladı.

Və özü də çox böyük müvəffəqiyyətlə… Bu gün vətəndaşlarla əlaqələrimiz çox yüksək səviyyədə davam edir. ASAN xidmət çərçivəsində ədliyyə orqanları tərəfindən də mühüm xidmətlər göstərilir. Ədliyyə Nazirliyinin qeydiyyat orqanları tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatının aparılması elektron xidmətlər üzərindən də həyata keçirilir. Son illər dünyada pandemiyanın hökm sürməsi elektron xidmət və mübadilənin nə qədər vacib olduğunu bir daha sübut etdi. Bu səbəbdən əhali arasında maariflənmə və elektron xidmətdən yararlanma işinin aparılması vacibliyini hələ də qoruyur. 

Hazırda Ədliyyə Nazirliyi şəffaflığın təmin edilməsi üçün vətəndaşlara 40-a yaxın elektron xidmət göstərir. Yeni doğulan körpələrin və soyadın dəyişdirilməsinin qeydə alınması, doğum və ölüm şəhadətnamələrinin verilməsi və bir çox xidmətlər elektron müraciətlə təmin olunmaqdadır.

Son illər təcrübəmizdə daha çox qarşılaşdığımız məsələlərdən biri də adlarla bağlıdır. Orta statistik məlumat belə bir xidmətin zəruri olduğunu göstərir. Belə ki, hər bir vətəndaş yeni doğulan körpəyə verəcəyi adın mənası haqqında məlumat almaqla düzgün seçim edə bilər. Pandemiya dövründə gerçəkləşən evliliklər elektron xidmətlərdən yararlanan insanların əlavə xərclərə (yol pulu, vaxt itkisi) düşmədən işlərini qaydaya salmaqda olduqca səmərəli olmuşdur.

Ədliyyə Nazirliyinin rəsmi saytında “Dövlət xidmətləri” bölməsində vətəndaşlara qeydiyyat və notariat orqanları ilə əlaqə və elektron müraciət forması təqdim olunur. Vətəndaşlar həmin bölmədən istifadə edərək onlara lazım olan xidmətlərdən faydalana bilirlər. 

Eyni zamanda, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı sahəsində müasir informasiya-kommunikasiya texnologiyalarından istifadənin genişləndirilməsi, habelə doğumun və ölümün qeydə alınması sahəsində fəaliyyətin təkmilləşdirilməsi, operativliyin və əlçatanlığın təmin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 23 sentyabr 2020-ci il tarixli Fərmanı müasir texnoloji yeniliklərdən yararlanaraq daha geniş miqyasda əhaliyə xidmət göstərməyə yol açdı.

Fərmanda göstərildiyi kimi, Ədliyyə Nazirliyinin doğumun və ölümün dövlət qeydiyyatının, bununla əlaqədar müvafiq şəhadətnamə və arayışların verilməsi ilə bağlı elektron xidmətlərinin “Elektron hökumət” informasiya sistemi vasitəsilə göstərilməsini təmin edir.

Hazırda ölkədə doğumun və ölümün elektron qaydada qeydə alınması , doğum və ölüm faktını təsdiq edən sənədlər üzrə elektron şəhadətnamələrin aidiyyəti şəxslərə, o cümlədən müvafiq dövlət idarələrinə ötürülməsi işi elə bir səviyyədə təşkil olunub ki, bunun üçün uzun aylar gözləmək lazım gəlmir. Vətəndaşlar elektron xidmətimizə daxil olaraq elektron müraciət formasını doldurmaqla daha asan bir şəkildə problemlərini həll edə bilərlər.

Qeyd etməliyik ki, bütün bu xidmətlər vətəndaş məmnuniyyətini təmin etmək, sənəd dövriyyəsi məsələlərini sürətləndirmək baxımından çox vacibdir. Gələcəyə inamla vətəndaşa məsuliyyətlə yanaşmaq və layiqli xidmət göstərmək hər birimizin borcudur.

 

Pərvin Əliyeva,

5 saylı Bakı “ASAN xidmət mərkəzində” 

Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinin rəisi

 

 

Mənbə

Share: