Azərbaycanda vətəndaş nikahına münasibət birmənalı deyil. Vətəndaş nikahı dedikdə dövlət qurumları tərəfindən qeydiyyata alınmayan evliliklər nəzərdə tutulur. Belə ki, ölkə qanunlarına görə, nikah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2022-ci il ərzində ölkədə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 61939 nikaha daxilolma qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə 2021-ci illə müqayisədə nikahların sayı 5,6-dan 6,1-ə qədər artıb.
Qeyri-rəsmi xəbərlərdə iddia olunur ki, ölkədə rəsmi nikahlarla yanaşı, vətəndaş nikahlarının sayı da artmaqdadır. Lakin gizli nikahların dəqiq sayını müəyyən etmək olduqca çətindir. Çünki, belə nikahlar dövlət qurumları tərəfindən qeydə alınmır. Ancaq Dövlət Statistika Komitəsinin yaydığı digər bir məlumata diqqət yetirməklə ölkəmizdə vətəndaş nikahlarının geniş vüsət aldığını deyə bilərik.
Təqdim etdiyimiz rəqəmlər illər üzrə rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayını göstərir:
2016-cı ildə: 26 288
2017-ci ildə: 22 796
2018-ci ildə: 20 716
2019-cu ildə: 21 453
2020-ci ildə: 17 714
2021-ci ildə: 17 566
Göründüyü kimi, qeyri-rəsmi nikahdan doğulan uşaqların sayında azalma müşahidə edilsə də, indiki göstəricilər də az deyil. Üstəlik, bu rəqəmlər sadəcə uşaq dünyaya gətirənlərin sayını əks etdirir. Reallıqda isə qeydiyyata alınmayan nikahların sayı daha çoxdur.
Bəs qeyri-rəsmi nikahların bu qədər çox olmasının səbəbi nədir?
Mövzu ilə bağlı Modern.az-a açıqlamasında “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova qeyri-rəsmi evliliyin kökündə iqtisadi amillərinin mühüm rol oynadığını vurğulayıb.
O fikirlərini belə əsaslandırıb: “Məsələnin bir neçə səbəbi var. Bunlardan biri hər hansı öhdəliyi daşımamaqdır. Burada əsasən əmlak, qeydiyyata salma, təsərrüfatın birgə idarə olunması, aliment və digər iqtisadi amillər özünü göstərir. Digər səbəb isə ikinci nikahların olması faktıdır. Lakin əksər hallarda qeyri-rəsmi nikahın səbəbi əmlak bölgüsü olur. Əgər atalıq faktı varsa, bu zaman həmin şəxs alimentdən qaça bilmir. Hətta bəzi insanlar tərəfindən belə fikirlər səsləndirilir ki, qadınlar aliment almaq üçün, yaxud əmlak bölgüsünə görə rəsmi ailə həyatı qurmaq istəyirlər”.
Mehriban Zeynalova vətəndaş nikahlarının yol açdığı problemlərdən də söz açıb:
“Belə ki, birgə evlilik müddəti ərzində əldə edilən gəlirin bölünməsi nəzərdə tutuldu. Bura istər ev, istər əmlak, istərsə də digər əşyalar daxil idi. Amma bəzi insanlar çətin vəziyyətdən xilas ola bilmir. Məsələn, hələ də bəzi qadınlar var ki, 15 ildir ailəli olmasına baxmayaraq, qeydiyyata salınmır. Bu məsələnin arxasında daha çox psixoloji zorakılıq halları durur. Qadın hər hansı iddia qaldıra, söz deyə bilmir. Buna görə məhkəməyə müraciət edərsə, ailədə böyük faciələr yaşana bilər. Qadının tək çarəsi qalır ki, üzünü döndərib getsin. Rəsmi qeydiyyatı olmadığına, hətta bəzi hallarda uşağa atalıq verilmədiyinə görə qadın çarəsiz vəziyyətdə qalır”.
Gender məsələləri üzrə ekspert Aynur Veysəlova isə qeyri-rəsmi nikahların hüquqi bazasının olmadığını bildirib.
“İnsanların qeyri-rəsmi nikahda yaşamalarının heç bir hüquqi bazası yoxdur. Ona görə də, biz nikahların rəsmiləşdirilməsi üçün təbliğatlar aparmalıyıq. İnsanları maarifləndirmək lazımdır. Xüsusilə ucqar rayon və kəndlərində maariflənməyə çox böyük diqqət yetirilməlidir.
Eyni zamanda rəsmi nikahların olması bir çox prosedur zamanı böyük önəm kəsb edir. Məsələn, ev alqı-satqısında, xaricə gedən, səfərlər edən zaman, bank əməliyyatları həyata keçirilən zaman, hüquqi prosedurlar da bu çox vacibdir. Məsələn, xarici ölkələrdə vətəndaş nikahının öz hüquqi tənzimləmələri və məsuliyyəti var. Amma bizim ölkədə vətəndaş hüququ qanunla tənzimlənmir. Ona görə də biz çağırış etməliyik ki, birlikdə yaşayan insanlar mütləq nikahlarını rəsmiləşdirsin. Biz bu vəziyyətə həssas yanaşmalıyıq. Münasibətlərin rəsmiləşdirilməsi üçün çağırış etməliyik. Öz hüquqlarınızı, övladlarınızın hüquqlarını müdafiə etmək istəyirsinizsə, mütləq nikahınızı rəsmiləşdirin”.
Ekspert, həmçinin qeyri-rəsmi nikahdan doğulan uşaların statistikasını diqqətə çatdırıb:
“Qeyri-rəsmi nikah nəticəsində 2019-cu ildə 21 min 453 uşaq, 2021-ci ildə isə 17 min 566 uşaq doğulub. Biz statistikaya baxsaq görərik ki, qeyri-rəsmi nikahdan doğulan uşaqların sayının ən çox olduğu il 2011 olub. 2011-ci ildə qeyri-rəsmi nikahdan doğulan uşaqların sayı 30 min 983 nəfər olub. Amma növbəti illərdə bu rəqəmin yavaş-yavaş azalmasını müşahidə edirik. Məsələnin ikinci tərəfi qeyri-rəsmi nikahın iki yerə bölünməsidir.
Gözəl münasibətləri, övladları olan ailələr var ki, onların obyektiv səbəblərdən rəsmi nikahları yoxdur. Belə halda hər iki valideynin ərizələrinə əsasən uşaq Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsindəə qeydə alınır və yeni doğulan körpələrə doğum haqqında şəhadətnamə verilir. Biz baxsaq görərik ki, məsələn, 2021 ci ildə rəsmi nikahda olmayan qadınlar tərəfindən 17 min 566 uşaq dünyaya gəlibsə, bu uşaqlardan 13 min 690-nın hər iki valideyni onun qeydiyyata alınması ilə bağlı Ədliyyə Nazirliyinə rəsmi müraciət edib. Geriyə qalan 3876 uşaq isə tək ananın ərizəsinə əsasən Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrində qeydə alınır. Fikrimcə, bu məqam bizi düşündürməlidir. Ümumiyyətlə, nikah rəsmiləşdirilməlidir. Bu, doğulan uşaqların sənədinin alınmasında çox vacib rol oynayır”.
Aytac Əsədova