Xocalının Badara kəndində yaşayan ermənilərin hər biri Xaçaturyandan betərdir.
Bunu Modern.az-a açıqlamasında Xocalıdan olan deputat Elman Məmmədov deyib.
Cinayətkar Vaqif Xaçaturyanın 32 ildən sonra ələ keçirilməsinə münasibət bildirən deputatın sözlərinə görə, o dövrdə ermənilər silahlı dəstələr yaradaraq, günahsız azərbaycanlılara qarşı amansız qətllər törədib.
“Həmin dəstələrdən biri Badara kəndində yaradılmışdı. Vaqif Xaçaturyan silahlı dəstələrə rəhbərlik edən şəxslərdən biri idi. O dövrdə mən onu şəxsən tanımırdım, ancaq Meşəli kəndinin camaatı onu çox yaxşı tanıyırdı. Qeyd etmək lazımdır ki, Meşəli kəndinin yolu Badaradan keçir. Badara kəndi Qırxqız istiqamətinə yaxın yerləşir. Yəni Meşəli kəndi ilə Badara sakinləri bir-birini yaxşı tanıyırdı. Orada yaşayan hər bir erməni Vaqif Xaçaturyan və ondan daha betəridir. Onlara güzəşt olunmayacaq”, – parlamentari vurğulayıb.
E.Məmmədov vurğulayıb ki, cinayətkarların hər biri üçün ölüm cəzası çıxarılmalıdır:
“Samvel Babayan amnistiyadan danışır. Lakin onların hamısı ən ciddi cəzaya layiqdir. Həmin şəxslər üçün ölüm cəzası çıxarılmalıdır. Çünki bunlar günahsız, dinc və köməksiz insanları amansızlıqla qətlə yetiriblər. Həmin ermənilər tək Meşəlidə deyil, Xocalı və digər Azərbaycan yaşayış məskənlərində törədilən qırğınlarda da iştirak ediblər. Onlar ümumi bir bir məntəqədən idarə olunurdu və bütün erməni silahlı dəstələri tapşırıq alıb hücuma keçirdilər. Xaçaturyan kimilərinə aman verilməməlidir. Onun kimi olanların hamısı öz cəzasını çəkməlidir. Cinayətkarların sayı 100-dən artıqdır. Biz 92-93-cü illərdə dövlətin müvafiq strukturlarına, ovaxtkı Milli təhülkəsizlik Nazirliyinə kifayət qədər izahlar vermişik. Xocalının bütün kəndlərində yaşayan sakinlər soyqrımında iştirak edən ermənilərin adlarını qeyd etmişdilər. Azərbaycanın hüquq-mühafizə orqanlarında cinayətkar ermənilərlə bağlı kifayət qədər məlumat mövcuddur”.
Qeyd edək ki, 1991-ci ildə Xocalının Meşəli kəndində ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımda iştirak etmiş ermənilərdən biri – Vaqif Xaçaturyan ötən həftə Laçın sərhəd-keçid məntəqəsindən keçməyə cəhd edərkən saxlanılıb.
Xaçaturyan Xankəndidəki 366-cı sovet-rus alayı qüvvələrinin dəstəyi ilə erməni hərbi birləşmələrinin 1991-ci il dekabrın 23-də səhər saat 07:00 radələrində Xocalı rayonunun Meşəli kəndinin yerlə yeksan edilməsində iştirak edib.
Bir neçə saat davam edən qeyri-bərabər atışmadan sonra erməni quldurları kəndə girərək evlərə, tövlələrə, ot tayalarına od vurub, insanları qəddarcasına qətlə yetiriblər.
Baş Prokurorluğun məlumatına görə, hücumlar zamanı ermənilər 25 nəfəri öldürüb, 14 nəfər şəxsə müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Qırğınlardan sonra 358 nəfər evindən didərgin düşüb. Prokurorluq orqanları tərəfindən Azərbaycan milliyətindən olan şəxslərin soyqırımı, deportasiyası, kənd sakinləri və dövlətə məxsus çoxsaylı əmlakı məhv etmə və zədələməklə külli miqdarda maddi ziyanın vurulması faktları üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.