“Qarabağdakı mənbələrimizdən öyrəndik ki, Ruben Vardanyan özünün ən sadiq adamlarından biri olan Mesrop Arakelyanın maliyyə naziri təyin edilməsinə Nikol Paşinyandan razılıq ala bilmir”.
Moderator.az xəbər verir ki, bunu “Hraparak” nəşri yazır.
Məlumatda bildirilir ki, Paşinyan vaxtilə onun müşaviri, sonra sosial məsələlər naziri olmuş və 4 aydan sonra istefa vermiş M.Arakelyanın Xankəndində vəzifəyə təyin olunmasının əleyhinədir. Baxmayaraq ki, noyabrın 5-də separatçı rejimin qondarma “dövlət naziri” Ruben Vardanyanın müşaviri təyin edilən M.Arakelyan müharibədən sonra Paşinyanın kabinetində çalışıb, sosial məsələlər naziri postunu tutub. Maraqlıdır ki, erməni mənbələri indi də Arakelyanın Ermənistan hakimiyyətinin maliyyə blokuna rəhbərlik etməsi və onun razılığı olmadan bir addım belə, atılmadığını iddia edirlər.
Xatırladaq ki, Azərbaycan dövlət başçısı İlham Əliyev noyabrın 17-də Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə xüsusi elçisi Dirk Şuebelin rəhbərlik etdiyi, Avropa İttifaqının və bir sıra üzv ölkələrin Şərq Tərəfdaşlığı üzrə məsul şəxslərinin daxil olduğu nümayəndə heyətini qəbul edən zaman Putinin milyarder “desant”ı R.Vardanyan barədə fikirlərini də açıqlayıb:
“Biz Qarabağda yaşayan ermənilərlə onların hüquqları və təhlükəsizliyi barədə danışmağa hazırıq, amma Moskvanın göndərdiyi, ciblərində rus xalqından oğurladığı milyardlarla pula sahib Vardanyan kimi insanlarla yox. O, Moskvadan oraya çox aydın gündəliklə göndərilib. Biz Qarabağda yaşayan və orada yaşamaq istəyən insanlarla söhbətə hazırıq…”
Sultan Laçın