Bu gün Milli Məclisin növbəti plenar iclası keçirilir. Modern.az xəbər verir ki, iclasda 25 məsələ müzakirə olunur.
Budəfəki iclasda da son günlər adı mətbuatın gündəmindən düşməyən Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin sədri Vasif Talıbovun iştirak edib-etməyəcəyi maraq doğururdu.
Amma V.Talıbov əvvəlki iclaslarda olduğu kimi, bu gün də parlamentin toplantısına qatılmadı.
Qeyd edək ki, Vasif Talıbov Milli Məclisin 1 saylı Şərur- Sədərək seçki dairəsindən seçilmiş deputatıdır.
O, birinci, ikinci, üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin də deputatı olub.
Vasif Talıbov həm də hazırda Milli Məclisin Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəridir.
Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, V.Talıbov parlamentin iclaslarında iştirak etməlidir.
Vasif Talıbovun uzun müddətdir Milli Məclisin iclaslarına gəlməməsinə parlamentin İntizam komissiyasından münasibət öyrənmək mümkün olmadı.
Qeyd edək ki, Milli Məclisin Daxili Nizamnaməsinə görə, plenar iclaslarda, yaxud komitə və komissiyaların iclaslarında üzürsüz səbəbdən iştirak etməyən deputat parlamentdaxili məsuliyyətə cəlb oluna bilər.
Parlamentdaxili məsuliyyətə cəlb olunan deputata aşağıdakı intizam tədbirlərindən biri tətbiq edilir:
1) xəbərdarlıq;
2) söz kəsmə;
3) iclas salonundan çıxarma;
4) töhmət;
5) deputat səlahiyyətlərinin itirilməsi.
Milli Məclisin Daxili Nizamnamənə görə, parlamentin yaz və ya payız sessiyasının bütün iclaslarında və ya il ərzində 15 iclasda üzürsüz səbəbdən iştirak etməyən deputat barəsində rəhbərlik tərəfindən İntizam komissiyasına təqdimat verilə bilər.
İntizam komissiyası 2 həftə müddətində apardığı araşdırma nəticəsində müvafiq əsaslar aşkar etdikdə Milli Məclisin deputatı barəsində deputat səlahiyyətlərinin itirilməsi intizam tədbirinin tətbiq edilməsi haqqında rəy qəbul edə və məsələni Milli Məclisin müzakirəsinə çıxara bilər. Bu məsələyə Milli Məclisin növbəti iclasında səlahiyyətlərinin itirilməsi nəzərdə tutulan deputatın iştirakı ilə baxılmalıdır. Həmin deputatın iclasda iştirakı mümkün olmadıqda, onda məsələyə onun iştirakı olmadan baxıla bilər.
Milli Məclisin deputatının səlahiyyətlərinin itirilməsi barədə Milli Məclisin qərarı azı 63 səs çoxluğu ilə qəbul edilir.
A.Qorxmaz