“Vaşinqton və Brüssel dünyanı dəhşətli müharibəyə sürükləyir…”

“Vaşinqton və Brüssel dünyanı dəhşətli müharibəyə sürükləyir…”

“ABŞ Konqresi, Avropa ölkələri parlamentlərinin deputatları bəşəriyyət qarşısında öz məsuliyyətlərini anlamalıdır…”

 

“Ukraynaya tədarük edilən hücum silahları dinc şəhərlərimizə zərbələr endirmək və ərazilərimizi zəbt etmək üçün istifadə edilə bilər…”

 

Rusiya Qərbi “dəhşətli müharibə” və “dünya miqyaslı faciə” ilə təhdid edib…

 

Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin Qərbin Ukraynaya hücum silahı veriləcəyi təqdirdə Rusiyanın cavab tədbirlərilə təhdid edib.

 

Moderator.az xəbər verir ki, bu barədə o, özünün “Telegram-kanal”ında yazıb. Məlumatı “Exo Kavkaza” nəşri yayıb.

 

Onun sözlərinə görə, belə silahla dinc şəhərlərimizə zərbələr endirmək və ərazilərimizi zəbt etmək üçün istifadə edilə bilər.

 

“Əgər Vaşinqton və NATO ölkələri Ukraynaya dinc şəhərlərimizə zərbə endirilməsi və ərazilərimizin zəbt edilməsinə cəhdlər üçün istifadə ediləcək silah tədarük etsələr, bu, daha güclü silahdan istifadə etməklə cavab tədbirlərinə gətirib çıxaracaq.

 

Konqres üzvləri, Bundestaq, Fransa Milli Assambleyası, Avropanın digər parlamentlərinin deputatları bəşəriyyət qarşısında öz məsuliyyətlərini anlamalıdır”, – Volodin yazıb.

 

Onun sözlərinə görə, Vaşinqton və Brüssel dünyanı “dəhşətli müharibə”yə sürükləyir.

 

“Rusiyanın texnoloji silahının üstünlüyünü nəzərə alaraq, belə qərarlar qəbul edən Qərb siyasətçiləri anlamalıdır ki, bu, onların ölkələrini məhv edəcək dünya miqyaslı faciə ilə nəticələnə bilər”, – Volodin təhdid edib.

 

O, vəd edib ki, indiyədək, guya, “istisnasız olaraq hərbi və kritik infrastruktura” zərbələr endirən Rusiya  “tamamilə digər döyüş əməliyyatlarına” keçəcək.

 

“Nüvə dövlətlərinin əvvəllər lokal münaqişələrdə kütləvi qırğın silahından istifadə etməməsi barədə dəlillər əsassızdır. Çünki bu dövlətlər onların vətəndaşları və ölkəsinin ərazi bütövlüyü üçün təhlükəli vəziyyətlə üzləşməyib”, – spiker vurğulayıb.

 

Rusiyalı məmurlar ərazi bütövlüyünə təhlükədən ona görə boşboğazlıq edir ki, Rusiyanın ilhaq etdiyi Ukraynanın dörd vilayətinin ərazilərini Rusiyanın hesab edir.

 

Rusiya rəhbərləri əvvəllər də Qərbin ünvanına təhdidlərlə çıxış edərək, “Armagedon” və “Apokalipsis” barədə xəbərdarlıq edib. Amma ilk dəfə olaraq kütləvi qırğın silahının tətbiqini Ukraynaya silah tədarükü ilə əlaqələndirib.

 

Xatırladaq ki, yanvarın 20-də Almaniyada NATO və Avropa İttifaqının növbəti “Ramştayn” formatında görüşü, əsasən, Ukraynaya ağır silahların tədarükünə həsr edilib.

Mənbə

Share: