2018-ci ildə təsdiq edilən “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nda bildirilir ki, 2019-2023-cü illərdə avtomobil yollarında və küçə-yol şəbəkəsində velosiped zolaqlarının və duracaqlarının yaradıla biləcəyi ərazilər müəyyən ediləcək, bununla bağlı müvafiq təkliflər hazırlanacaq və tədbirlər görüləcək.
Bir neçə ay əvvəl ləğv ediləb Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli 2021-ci ildə deyib ki, Dənizkənarı Milli Park ərazisində 7,5 kilometrlik velosiped yolu çəkilib: “Görülən işlər nəticəsində 2023-cü ilədək Bakıda 63,5 kilometr uzunluğunda, 2040-cı ilədək isə Azərbaycan 251 kilometrlik velosiped yolunun çəkilişi planlaşdırılır”. Ötən il Buzovna-Mərdəkan avtomobil yolu üzərində uzunluğu 8.2 km olan velosiped yolları və piyada səkiləri inşa edilib.
Qeyd edək ki, velosiped zolaqlarının və yollarının layihələndirilməsi ilk olaraq şəhərin mərkəzi hissəsində əsas maraq nöqtələrini birləşdirən marşrut xətləri üzrə nəzərdə tutulurdu. Daha sonra bu marşrutlar əlaqələndirilərək daha böyük velosiped yolları şəbəkəsinin təşkili planlaşdırılırdı.
Hazırda ölkədə velosiped yollarının vəziyyətini əks etdirən dəqiq rəqəmlər mövcud deyil. Ancaq ürəkaçan olmadığı məlumdur…
Məsələ ilə bağlı Modern.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov bildirib ki, bir neçə il əvvəl belə bir genişmiqyaslı piar aksiyası və kampaniya keçirildi:
“Guya ki, Bakıda keyfiyyətli, standartlara cavab verən velosiped yolları çəkilir. Ancaq bunların hamısının boş sözlər olduğunu gördük. Bakıda normal velosiped yolları çəkilmədi. Sadəcə piyada səkiləri zəbt edilməklə gözdən pərdə çəkmək üçün bir neçə dırnaqarası velosiped yolu çəkildi. Bu gün həmin yollarda demək olar ki, heç kəs velosiped sürmür. Daha sonra proses ümumiyyətlə dayandırıldı”.
Eldəniz Cəfərov deyir ki, ləğv olunmuş Bakı Nəqliyyat Agentliyi Bakı sakinlərindən bu məsələyə görə üzr istəməlidir:
“Düşünürəm ki, bu velosiped yollarının layihəsini verən, piyada səkiləri üzərində velosiped yollarının salınmasını təmin edən Bakı Nəqliyyat Agentliyi bu gün Bakı sakinlərindən dırnaqarası velosiped yollarına görə üzr istəməlidir. Müvafiq qurumlar yenidən normal standartlara cavab verən velosiped yolları çəkməlidirlər”.
Nəqliyyat üzrə ekspert Elməddin Muradlı da velosiped yolları ilə bağlı vəziyyətin heç də yaxşı olmadığını düşünür:
“Çünki bu yollar çox məhdud ərazini əhatə edir. Genişləndirilməsi üçün müxtəlif layihələr, təkliflər müzakirə olunsa da, hələlik reallaşdırılması mümkün olmayan bəzi məqamlar var. Bu məqamlardan biri yol hərəkətinin təşkilində qarşılıqlı münasibətləri tənzimləməklə bağlıdır. Yəni velosipedçi üçün zolaq açılırsa, sürücü üçün də imkan yaradılımalıdır. Yəni digər nəqliyyat vasitələri və piyadalar üçün bərabər şərait yaradılmalıdır. Skuter sürən deyəcək ki, mənə də şərait yarat. Əlil və uşaq arabası ilə hərəkət edənlər də deyəcəklər ki, onlar üçün şərait yaradılsın. Əslində yaradılmalıdır da. Bu məqamları nəzərə alsaq, ümumən yol hərəkətinin təşkili ilə əlaqədar ciddi dəyişikliklərə ehtiyac var. Bu, velosipedçilər üçün də normal şəraitin yaranmasına töhfə verəcək”.
Elməddin Muradlı vurğulayıb ki, burada bir sıra məqamların tənzimlənməsi vacibdir:
“Velosiped sağlamlıq üçün çox önəmlidir. Ekoloji cəhətdən təmiz nəqliyyat vasitəsidir. Sadəcə “velosipedçi kimdir?” sualının cavabını tapmalıyıq. Hər velosiped sürən, əlinə velosiped düşən ümumi istifadədə olan yola çıxa bilərmi? Çıxarsa, onu nə gölzəyir? Hansı tip velosipedləri həmin zolaqlarda hərəkət etməyə təşviq etməliyik? Kimlər o zolağa girsə, cəzalanacaq? Yəni bu məsələlər hələ də açıq qalır. Bunları nizamlamaq, qaydaya salmaq çox vacibdir”.