Venesiyadakı tarixi abidələrin 70 faizi təhlükə altındadır

Venesiyada son bir neçə ildə, xüsusən də cari ilin sentyabrından başlayan intensiv yağışlar şəhəri iflic etməkdə davam edir.

Sonuncu dəfə suyun səviyyəsi bu gecə bir daha 119 santimetrə qədər artaraq yeni təhlükə yaradıb. Veneto vilayətinin rəhbərliyi suyun səviyyəsinin düşməyini ümid edir, çünki əks halda ərazidəki tarixi abidələrin 70 faizinin su altında qalma ehtimalı var.

Sel və aramsız yağan yağışlar turistlərin də şəhəri kütləvi tərk etmələrinə səbəb olur. Şəhərdə mağaza və qalereyalar bağlanıb, kafe və restoranlarda isə xidmət personalı uzun rezin çəkmələrlə gəzir. Şəhər büdcəsinə ciddi ziyan vuran bu durumda vəziyyəti daha da gərginləşdirən jurnalistlər və bloggerlərdir. Onlar durmadan “dəhşətli” kadrlar paylaşaraq onsuz da narahat turistləri bir az da qorxudurlar.

Daha bir təhlükəli məqam isə Palazzo Ferro Fini sarayındakı su ilə dolan qiymətli kitabxanalarda yaşanır. Könüllülər hazırda həmin kitabları toplayaraq daha təhlükəsiz yerlərə daşımaqdadır. (AZƏRTAC)

Share: