Nazirlər Kabinetinin qərarlarından irəli gələrək vergi hesabatlarının verilməsi müddətləri uzadılıb.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən Milletinsesi.az-a bildirilib ki, Nazirlər Kabinetinin 2020-ci il 25 mart tarixli “Azərbaycan Respublikasının ərazisində xüsusi əmək rejimi olaraq qeyri-iş günlərinin müəyyən edilməsi barədə” Qərarı ilə Azərbaycan Respublikasının ərazisində xüsusi əmək rejimi olaraq beşgünlük iş həftəsində çalışanlar üçün 29 mart – 3 aprel tarixləri, altıgünlük iş həftəsində çalışanlar üçün 26 – 28 mart və 30 mart – 4 aprel tarixləri qeyri-iş günləri müəyyən edilib. Vergi Məcəlləsinin 68.2-ci maddəsinə əsasən hər hansı müddət bu Məcəllədə göstərilən dövrün sonuncu gününün axırında bitir. Bu Məcəllədə nəzərdə tutulan hər hansı müddət qeyri-iş gününə təsadüf edərsə, həmin müddət onun ardınca gələn ən yaxın növbəti iş gününə keçir.
Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində elan edilmiş xüsusi karantin dövrü (2020-ci il 31 mart -20 aprel) ilə əlaqədar Nazirlər Kabinetinin 2020-ci il 31 mart tarixli “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin dövründə iş rejiminin tənzimlənməsi barədə” Qərarı ilə Nazirlər Kabinetinin 2020-ci il 25 mart tarixli “Azərbaycan Respublikasının ərazisində xüsusi əmək rejimi olaraq qeyri-iş günlərinin müəyyən edilməsi barədə” qərarı ləğv edilib.
Habelə həmin Qərarın 2 nömrəli əlavəsi ilə xüsusi iş (əmək) rejimi çərçivəsində fəaliyyətinə icazə verilən sahələr müəyyən edilib, həmin siyahıda qeyd edilməyən digər sahələr üzrə fəaliyyət məhdudlaşdırılıb.
Yuxarıda göstərilənlərə əsasən xüsusi karantin dövrü ilə əlaqədar (2020-ci il 31 mart – 20 aprel) vergi hesabatlarının verilməsinin və vergilərin ödənilməsinin son müddəti aşağıdakı kimi müəyyən edilir:
– fəaliyyətinə icazə verilən sahələr üzrə (siyahısı əlavə olunur) vergi ödəyiciləri tərəfindən 2019-cu ilin yekunlarına görə mənfəət (gəlir) və əmlak vergisi üçün illik hesabatların və 2020-ci ilin fevral ayı üçün aylıq hesabatların verilməsi və vergilərin ödənilməsi müddəti – 6 aprel 2020-ci il;
– fəaliyyəti məhdudlaşdırılmış sahələr üzrə vergi ödəyiciləri tərəfindən 2019-cu ilin yekunlarına görə mənfəət (gəlir) və əmlak vergisi üçün illik hesabatların, 2020-ci ilin fevral və mart ayı üçün aylıq hesabatların və 2020-ci ilin birinci rübü üçün rüblük hesabatların, habelə cari vergi ödəmələri üzrə müvafiq arayışın verilməsi və vergilərin, o cümlədən cari vergi ödəmələrinin ödənilməsi müddəti – 21 aprel 2020-ci il.