Biz, Qarabağ müharibəsinin iştirakçıları olan veteran tankçılarımız iki dəfə Sovet İttifaqı Qəhrəmanı, Tank Qoşunları qvardiya general-mayoru Həzi Aslanovun şərəfli döyüş yolunu örnək alaraq onun davamçıları olmağımızla fəxr edirik. Vətənimizin, Ali Baş Komandanın sadiq əsgərləri olan veteran tankçılarımız torpaqlarımızı düşmən tapdağından azad etmək üçün döyüş əmrinə hər an hazırdırlar.
Bu fikirlər Veteran Tankçılar İctimai Birliyinin AZƏRTAC-a daxil olan müraciətində yer alıb.
Müraciətdə bildirilib ki, Qarabağ müharibəsinin döyüşçüləri, eləcə də veteran tankçılarımız Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin Azərbaycanın ərazi bütövlüyünün təmin olunması istiqamətindəki yorulmaz, qətiyyətli fəaliyyətini ürəkdən bəyənir və dəstəkləyirlər. Ölkəmizin inkişafı, Silahlı Qüvvələrimizin döyüş qabiliyyətinin durmadan artırılması, torpaqlarımızı işğaldan azad etməyə hər an hazır olan Azərbaycan Ordusunun düşmənə öz gücünü göstərməsi qəlbimizdə qürur və inam hissi doğurur. Biz Azərbaycan Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Vətənə, xalqa, dövlətə şərəf və ləyaqətlə xidmət etməkdən sonsuz qürur duyuruq. Ulu öndər Heydər Əliyevin müharibə veteranlarına diqqət və qayğı siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev bütün sosial problemlərimizin həllinə daim həssas yanaşır. Veteran tankçılarımız bu diqqət və qayğını hər zaman yüksək qiymətləndirirlər.
“Prezident İlham Əliyevin tapşırığı ilə Azərbaycanın Milli Qəhrəmanı tankçı Albert Aqarunovun şərəfinə ucaldılan abidə şəhidlərimizin ruhuna göstərilən yüksək ehtiramın bariz nümunəsidir. Bakıda Milli Qəhrəman Albert Aqarunovun abidəsinin açılışı onun döyüş yoldaşları olan veteran tankçıları fərəhləndirib. Biz Qarabağ döyüşçüləri, veteran tankçılar, qazilər Prezident, Ali Baş Komandamız İlham Əliyevin rəhbərliyi ilə gündən-günə inkişaf edən müstəqil Azərbaycanımızın ərazi bütövlüyü, işğal altındakı tarixi torpaqlarımızın azadlığı uğrunda döyüş əmrinə həmişə hazırıq”, – deyə müraciətdə bildirilib.
Veteran Tankçılar İctimai Birliyinin ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak etməsinin vurğulandığı müraciətdə qeyd olunub ki, birinci tank taborunun veteran döyüşçüləri, qaziləri Azərbaycan gənclərinin hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi işində də əllərindən gələn köməyi əsirgəmirlər.
Qeyd edək ki, Qarabağ müharibəsində Azərbaycan Ordusunun ilk tank taboru olan Səbail tank taboru erməni işğalçılarına qarşı döyüşlərdə qəhrəmanlıq, igidlik nümunələri göstərib. Taborun 3 döyüşçüsü – Albert Aqarunov, Şövqiyar Abdullayev və Əsəd Əhmədov (ölümlərindən sonra) Azərbaycanın Milli Qəhrəmanı, Əhməd Mehbalıyev və Qabil Süleymanov (ölümlərindən sonra) isə “Azərbaycan bayrağı” ordeninə layiq görülüblər. Səbail tank taborunun veteran döyüşçüləri Veteran Tankçılar İctimai Birliyini təsis ediblər.