Bundan əvvəl taktil əks-əlaqəyə malik “Teslasuit” adlı VR kostyum hazırlamış britaniyalı tərtibatçılar komandası öz yeni məhsulunu təqdim etməyə hazırlaşır. “Teslasuit Glove” adlandırılmış virtual reallıq əlcəyi istifadəçilərə virtual tekstur və obyektlərə “toxunmağa” kömək edəcək.
Milletinsesi.az ictnews.az-a istinadən bildirir ki, bu əlcəklər təlim, tibbi reabilitasiya proqramları, həmçinin digər ixtisaslaşdırılmış tətbiq növləri üçün xüsusi hazırlanıb. Məhsulda virtual obyektlərlə qarşılıqlı əlaqə zamanı taktil hisslərin yaradılması üçün bir neçə müxtəlif texnologiya tətbiq edilib. Əlcək, həmçinin istifadəçinin əl hərəkətlərini tutmağa, onun nəbzini və başqa biometrik məlumatlarını qeydə almağa imkan verir. Cihaz “Wi-Fi” vasitəsilə britaniyalılar tərəfindən hazırlanmış kostyuma qoşularaq onunla işləyir və virtual dünyaya tam daxilolmanı təmin edir. Əlcəyə hər barmaqda 9 ədəd olmaqla elektrodlar quraşdırılıb. Məhz bu elektrodlar sayəsində obyektlərə real toxunuş hissi yaradılır.