Avropa çempionatının final mərhələsinə hazırlığını davam etdirən qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq planına uyğun olaraq bu gün Bakıdakı təlim-məşqlərini başa vurub.
Federasiyadan Milletinsesi.az-a verilən məlumata görə, Ataman Güneyligilin rəhbərlik etdiyi yığma paytaxtda təşkil olunmuş toplanış çərçivəsində 3 yoxlama oyunu keçirib. Voleybolçular Belarus seçməsi ilə hər üç görüşdə qələbə qazanıblar.
İyulun 28-dən avqustun 6-na kimi davam edən Bakı toplanışının II mərhələsində komanda bu gün son məşqini keçib. Voleybolçular hazırlığın son mərhələsi üçün avqustun 7-də Sloveniyanın Maribor şəhərinə yollanacaqlar və orada bir neçə yoxlama oyununda qüvvəsini sınayacaq. Avqustun 15-də isə milli birbaşa Avropa çempionatında qrup oyunlarının keçiriləcəyi Almaniyaya yola düşəcək.
Qeyd edək ki, Almaniya, Belçika, İtaliya və Estoniyanın birgə ev sahibliyi edəcəyi Avropa çempionatının final mərhələsi avqustun 15-də start götürəcək və sentyabrın 3-də yekunlaşacaq. Yarışda 24 komanda 4 qrupda mübarizə aparacaq. C qrupunda yarışacaq Azərbaycan millisinin rəqibləri ev sahibi Almaniya ilə yanaşı, Türiyə, Çexiya, İsveç və Yunanıstan olacaq. Yığmanın oyunları Almaniyanın Düsseldorf şəhərində keçiriləcək.
AVRO-2023
Oyunlarımızın təqvimi
C qrupu
18 avqust
22:00. Azərbaycan – Çexiya
19 avqust
22:00. Azərbaycan – Almaniya
20 avqust
22:00. Türkiyə – Azərbaycan
22 avqust
19:00. Azərbaycan – Yunanıstan
23 avqust
22:00. İsveç – Azərbaycan