Kaliforniya Universitetinin mühəndisləri “Wi-Fi” siqnalları vasitəsilə müxtəlif maneələr, o cümlədən divar arxasında olan insanın şəxsiyyətini identifikasiya etməyə imkan verən texnologiya hazırlayıblar. Tədqiqat universitetin saytında dərc edilib.
“ICTnews” xəbər verir ki, “XModal-ID” adlı metod bir-birindən uzaq iki “Wi-Fi” siqnalı ötürücüsündən, eləcə də insanın hərəkətlərinin əks olunduğu videoyazılardan istifadəni nəzərdə tutur. Videoçarx vasitəsilə insanın üçölçülü modeli tərtib olunduqdan sonra bu məlumatlar ondan “Wi-Fi” siqnallarının əks edilməsinin modelləşdirilməsi üçün istifadə olunur.
Eksperiment zamanı metod səkkiz könüllünün üzərində sınaqdan keçirilib. “XModal-ID” sistemi ümumilikdə divar arxasında olan insanların 84 faizini düzgün müəyyənləşdirib. “XModal-ID” alqoritmlərinin kompüter təlimi əsasında işləməsinə görə gələcəkdə identifikasiya prosesinin tədricən artacağı gözlənilir.
Texnologiyanın köməyi ilə hüquq-mühafizə orqanları insanı hərəkətlərinə görə identifikasiya edə biləcəklər. Məsələn, insan müşahidə kameralarına düşərək sifəti görünməz olanda qanun keşikçiləri onun şəxsiyyətini məhz bu sistem vasitəsilə müəyyənləşdirəcəklər.