Bakının küçələrində hər gün sürü halında gəzən sahibsiz itlərə rast gəlmək olur. Onlar bəzən böyüklərin, əksər hallarda uşaqların üzərinə hücum çəkirlər. Ətrafdakıların köməyi olmasa paytaxtın Binəqədi rayonunun Sulutəpə qəsəbəsində baş verən- 4 yaşlı Məmişov Hüseyn Qismət oğlunun itin hücumu nəticəsində ağır xəsarət alması- faciəsi hər bir ailənin başına gələ bilər.
Rəsmi məlumatlara görə, Bakıda 600 mindən artıq sahibsiz it var. İtlərin kütləvi artımını nəzərə alsaq, bu rəqəm yaxın zamanlarda milyonu keçəcək və daha təhlükəli vəziyyət yaranacaq. Məlumdur ki, onlar vaxtaşırı müayinədən keçmir və bir sıra xəstəliklərin daşıyıcılarıdır. Vəziyyətin gələcəkdə daha kritik həddə çatacağını ehtimal etmək olar.Onları nə öldürmək, nə də qayğısına qalmaq mümkün olmayacaq. Əgər öldürülməsinə başlansa ermənipərəst qüvvələr və ermənilər dünyaya çar çəkəçək ki, azərbaycanlılar heyvanlarla qeyri-insani rəftar edirlər və biz onlarla sülhə gələ bilmərik. Öldürülməslər də onlara qulluq və qayğının həyata keçirilməsi iqtisdi cəhətdən mümkün olmayacaq.
Ekspertlərin rəyinə əsasən küçə itlərinin çoxalması xəstəliklərin artmasına səbəbdir. Hətta sahibi olan itləri belə 3 aylığında bütün peyvəndləri vurulduqdan sonra insan arasına çıxartmaq olar. Enterit deyilən xəstəlik var. Yayda daha çox olur. Enterit xəstəliyinə tutulmuş və peyvəndləri vurulmamış itlər 3 günə məhv olurlar. Xəstəlik zamanı bağırsaqda qan açılır. Təsəvvür edin ki, siz yolla getdiyiniz halda həmin xəstəliyə tutulmuş itin addımı dəyən yerdən keçsəniz, artıq o xəstəliyi öz ayaqqabınızla daşıyırsınız və istənilən halda xəstəliyə yoluxursuz.
Xarici ölkələrdə bələdiyyə, icra orqanları öz ərazilərindəki itlərə cavabdehdirlər və onları axtalayıb, qulaqlarına xüsusi nişan vurduqdan sonra yenidən küçəyə buraxırlar.Nişan ona görə vurulur ki, artıq insanlar bu itlərə rahat şəraitdə, hansısa xəstəlikdən ehtiyat etməyərək qulluq edə bilsinlər və əgər o itə nəsə olarsa, şəhərdə, bölgədə fəaliyyət göstərən həkim baytarlar onları pulsuz müayinə etsinlər. Beynəlxalq qayda belədir.
Bizdə isə əksinədir. İtlərin sayı hər gün artır, qəzaya səbəb olur, onlar zibil qutularında özlərinə qida axtarır və oradakı infeksiyanı dişləri vasitəsilə başqa itlərə salıb küçələrdə gəzirlər. İnsanlara hücum edirlər ,əksəriyyəti quduzdurlar, lakin aidiyyatı qurumlar heç bir iş görmürlər. Bakı şəhər İcra Hakimiyyətinin Sahibsiz Heyvanlara Qarşı Mübarizə İdarəsinin əlaqə telefonundan isə cavab verən yoxdur. Görəsən sahibsiz itlər neçə uşaq parçalayandan sonra cavabdeh şəxslər ölçü götürəcək? Yoxsa, bu məsələyə də Prezident reaksiya verdikdən sonra həlli tapılacaq.
Ətraf Mühitin Mühafizəsi Alyansının könüllülərinin sahibsiz itləri necə yedirdiklərini, onlara necə qayğı göstərdiklərini telefona çəkmələri və itlərlə pis davrananları qınaq obyektinə çevirmələri qrant almaq məqsədi güdür. Onlar bizləri nə sahibsiz itlərin hücumundan, nə də onların yaydığı xəstəlikdən qorumayacaq. Doğurdan da onlar sahibsiz itlərə qayğı göstərmək istəyirlərsə, öz evlərində sığınacaq düzəldib və onlara sahiblik etsinlər.
Milletinsesi.az
T. Əhədov