Xətaidə şəhid ailələri və qazilərə iftar verildi- Fotolar

Müqəddəs Ramazan ayı münasibətilə Xətai rayonunda şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb.

İftar mərasimində rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, YAP Xətai rayon Təşkilatının sədri Vüqar Rəhimzadə, rayon Ağsaqqallar şurasının sədri professor İzzət Rüstəmov, Xalq artisti, şəhid atası Əli Nur, Əməkdar artist Azad Şükürov, Vətən Müharibəsi Qəhrəmanı Elçin Mansurovun anası Məleykə Mansurova, Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun atası Aydın Həsənov, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər iştirak ediblər.

Tədbirdə əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi yad edilib.

Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev qeyd edib ki, insanları xeyirxahlığa, birliyə dəvət edən müqəddəs Ramazan ayı dünya müsəlmanlarının ən əziz ayıdır. İftar süfrələrinin təşkil edilməsi ölkəmizdə gözəl ənənəyə çevrilib. Həmçinin icra başçısı vurğulayıb ki, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusu işğal altında olan Qarabağımızı azad etdi. Ordumuzun və xalqımızın sarsılmaz birliyi sayəsində tariximizə parlaq qəhrəmanlıq səhifəsi yazıldı.

Daha sonra dualar edilib, Ramazan ayının fəzilətləri barədə söhbət açılıb, bu ayın insanlar arasında mənəvi saflığın tərənnümçüsü olduğu qeyd olunub.

Natiqlər qeyd ediblər ki, xalqımız Vətənimizin ərazi bütövlüyünün təmin olunmasında şəhidlərimizin, qazilərimizin, müharibə iştirakçılarının rəşadət və şücaətlərini yüksək dəyərləndirir, müqəddəs Ramazan ayında şəhidlərimizin ailələrinə, qazilərimizə, müharibə iştirakçılarına, dövlət başçımıza, ailəsinə və millətimizə Uca Allahdan xeyir-dualar diləyir.

Share: