Xətaidə Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil olunub

Noyabrın 6-da Xətai rayonunda Heydər Əliyev adına istirahət parkının amfiteatr səhnəsində rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası  Xətai rayon təşkilatının birgə təşkilatçılığı ilə 8 noyabr-Zəfər Gününə  həsr olunmuş  konsert proqramı təşkil olunub.

Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, Milli Məclisin deputatları, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələrinin, qazilər, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursantları, ziyalılar və sakinlərin qatıldıqları tədbirdə əvvəlcə torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, institutun hərbi orkestrinin ifasında Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. 

Tədbirdə çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı möhtəşəm Qələbədən söhbət açıb. Qeyd edib ki, bu günlərdə bütün şəhidlərimizin qisasının alındığı o şərəfli və qürurlu günləri yaşayırıq. Artıq üçrəngli bayrağımız 30 il işğal altında qalan torpaqlarımızın hər qarışında dalğalanır. Bu möhtəşəm qələbə igid vətən oğullarımızın qəhrəmanlığı və xalqımızın birliyi nəticəsində əldə olunub.

R.Quluyev şəhidlərə rəhmət, qazilərə cansağlığı diləyib, Silahlı Qüvvələrin qəhrəman əsgər və zabitlərinə minnətdarlığını bildirib.

Konsertdə çıxış edən şəhid atası, Xalq artisti Əli Nur qəhrəman əsgər və zabitlərin şanlı döyüş yolundan bəhs edib, Ali Baş Komandana, Vətənə və şəhidlərə həsr olunmuş şeirlər səsləndirib.

Sonra isə Respublikanın tanınmış mədəniyyət və incəsənət  nümayəndələrinin iştirakı ilə bədii-musiqili proqram təqdim edilib. İncəsənət ustaları – Ağadadaş Ağayev, Gülyaz və Gülyanaq Məmmədova, Ədalət Şükürov, İzzət Bağırov, İlhamə Qasımova, Azər Zeynallının ifasında vətənpərvərlik mövzusunda bir-birindən maraqlı ifalar izləyicilərə təqdim olunub.

Tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılanan Zəfər konserti zamanı səhnədə quraşdırılmış ekranda rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı tarixi Zəfərlə bağlı Xətai Rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış film nümayiş etdirilib.

Sonda hərbi vətənpərvərlik mahnılarının mahir ifaçısı, “Vətənpərvərliyin Təbliğinə Dəstək” İctimai Birliyinin sədri Şəmistan Əlizamanlı tamaşaçılara möhtəşəm mahnılarını təqdim edib. 

Sonda atəşfəşanlıq təşkil olunub.

Yüksək vətənpərvərlik duyğuları və coşqu ilə keçən konsert proqramı sakinlər tərəfindən böyük məmnunluq və razılıqla qarşılanıb.

Mənbə

Share: