“İyulun 28-də söz verdiyimiz kimi Müqəddəs Akobavank monastırının bərpasına başladıq. Monastırın keşişi Ter- Hovannes tərəfindən təklif olunan bu layihə təkcə yaxınlıqdakı kəndlərin sakinlərini deyil, həm də Artsaxın müxtəlif bölgələrindən, Martakertdən, Stepanakertdən olan sakinləri birləşdirdi. Bir neçə nəsil bir yerdə işləyirdi – ən kiçiyinin 16-17, ən yaşlı babanın isə 83 yaşı var idi. Biz ərazini təmizləməyə və monastırın ətrafındakı bərpa işlərini başladıq”.
Moderator.az xəbər verir ki, “ArmenianReport”un yaydığı məlumata görə, bunu özünün “Facebook” səhifəsində Putinin Azərbaycan torpaqlarındakı milyarder “desantı”, separatçı-terrorçu rejimin keçmiş “dövlət naziri” Ruben Vardanyan yazıb.
Söhbət Kəlbəcər rayonunun Rusiya “sülhməramlı”larının müvəqqəti(?) nəzarəti və separatçı-terrorçu rejimin faktiki işğalı altında qalan Kölətək kəndi yaxınlığındakı qədim Azərbaycan-türk tayfalarına aid xristian məbədindən gedir.
“Biz Artsaxda çoxlu sayda uzunmüddətli strateji proqramlar həyata keçiririk və onlar əlbəttə vacibdir. Lakin bu layihə mənim üçün xüsusi əhəmiyyət kəsb edir. Məhz bu çətin zamanda belə işlər mənəvi dəyərlərimizi qoruyub saxlamağa kömək edir və hər şeyə rəğmən torpağımızda yaşayacağımıza inamı gücləndirir.
Biz həmçinin burada məktəbi təmir etməyi, evləri yenidən tikməyi, ərzaq saxlamaq, uşaqları və qadınları hərbi əməliyyatlar zamanı təhlükəsiz saxlamaq üçün sığınacaqlar təşkil etməyi planlaşdırırıq”- deyə R.Vardanyan davamında yazır.
Zəruri şərh:
Şükür Allaha ki, 32 il öncə Qarabağda xalqımıza qarşı cinayət törətmiş hayklardan biri Laçın “sərhəd-buraxılış” məntəqəsində həbs etdik… Amma təəssüf ki, hələ Qarabağ torpağımızda minlərlə belə terrorçu canilər var. Və ən başlıcası,onları Azərbaycana qarşı növbəti revanşist hərəkata həvəsləndirən indiki və keçmiş separatçı rejim rəhbərləri Araiklər, Saakyanlar, Qukasyanlar, Babayanlar, həmçinin artıq bir ilə yaxındır ki, qanunsuz olaraq torpaqlarımızda ictimai-siyasi, iqtisadi-maliyyə fəaliyyəti ilə məşğul olan Rusiya milyarderi Ruben Vardanyan var. “Strateji müttəfiqimiz” olan Rusiyanın, Putinin dəstəyi ilə adları Vaqif Xaçaturyan kimi beynəlxalq(!) axtarış siyahısında olan Araikləri, Saakyanları 2020-ci ilin noyabrın 10-dan bəri, R.Vardanyanı isə 2022-ci ilin sentyabrından həbs etməli idik…
Sultan Laçın