“Xalam Sara Qədimovanın yubileyində bizə hörmətsizlik etdilər, Akif İslamzadə də heç birimizi getməyə qoymadı”-FOTO

“Xalam Sara Qədimovanın yubileyində bizə hörmətsizlik etdilər, Akif İslamzadə də heç birimizi getməyə qoymadı”-FOTO

 

“Atamın sənətinə paxıllıq edirdilər, onu gözləri götürmürdü. Çox bilirdi, sənətində mükəmməl idi. Atam ağına-bozuna baxmadan sözü üzə deyərdi. Fikirləşmirdi ki, kimsə ondan inciyəcək. Onları üzlərinə söyürdü. Yerli-yersiz də kimisə acılayan adam deyildi. Ona görə də onunla yola getmirdilər. Atamın dostu olmayıb. Heç sevməzdi ki, kimisə dost adı ilə evə gətirsin. Evimizə ən çox gedib-gələn kamança ifaçısı Nazim Əsədullayev olub”

 

Bunu Moderator.az-a açıqlamasında xalq artisti, görkəmli xanəndə Hacıbaba Hüseynovun qızı Sədaqət Hüseynova deyib. O daha sonra əlavə edib.

 

“Bütün xanəndələr onun yolu ilə gedir. Tək Alim Qasımov elə kifayət edir. Xanəndələr atamdan nələrsə götürüblər. Bütün tələbələrindən razı idi. “Hacı dayı, Hacı dayı” deyib evimizə gəlirdilər. Atam deyirdi ki, nə qədər ki, canım sağdır, gəlin sizi öyrədim. Sonra gec olacaq” deyə sənətkarın qızı bildirib.

 

Sədaqət Hüseynova xalası, xalq artisti Sara Qədimovanı da xatırlayıb.

 

“Bilirsiniz ki, xalq artisti Sara Qədimova mənim doğma xalamdır. Atamı sənətə o həvəsləndirmişdi, ilk dəfə efirə atamı xalam çıxarmışdı. Atam onların hamısından böyük idi. Sara xalam deyirdi ki, Hacı elə bil atamızdır. Aralarında böyük hörmət var idi. Sənətkarları diqqətdə saxlamaq lazımdır. Onlar həyatda olmasalar belə mahnılarda yaşayırlar. Sara xalamın yubileyinə bir gün qalmış Akifə (Akif İslamzadə) zəng edib dedilər ki, sabah gələrsiniz! Sara xanımın bəyəm qohumları yoxdur?! Adama dəvətnamə verməzlər?! Hörmətsizlik etdilər, Akif də dedi ki, bir adam getməyəcək! Biz onsuz da belə hörmətsiz yerə getməyəcəkdik. Əlimizdə heç biletimiz də yox idi. Bu gün sənətkarı yada salmırlarsa, sabah bunun axırı necə olacaq?! Sara xalamın adını tutub heç danışan yoxdur. Mən görürəm də! Yenə də Hacıbaba Hüseynovun adı hardasa çəkilir, xatırlanır. Elə Rübabə Şövkət, Rübabə Şövkət! Sara Qədimovanın oxuduğu muğamları nə Rübabə oxumayıb, nə də Şövkət! Onlar da gözəl sənətkarlarımızdır, sözüm yoxdur. Belə getsə cavan nəsil heç kimi tanımayacaq” deyə sənətkarın övladı deyib.

 

Sədaqət Hüseynova Baləlinin muğam oxumasına da münasibət bildirib.

 

“Bu bizim yaralı yerimizdir. Kaş mən bu sahədə olardım, muğamlarımıza hörmət etməyən insanları bilirsiniz nə edərdim?! Sənəti o qədər ucuzlaşdırıblar ki. Nə televizora baxmağa həvəsim var, nə də müğənniləri dinləməyə. Muğam ifa edən sənətkarlar çıxıb sözlərini demirlər. Yaxşı ilə pisi ayırd edən yoxdur. İndi yerindən duran oxuyur. Yerindən duran oxuyursa, Baləli niyə muğam oxumasın?! Adamdır ki, elə əlinə dəf götürüb muğam oxuyur. Alim Qasımov da muğam oxusun, bunlar da?! Sənəti ucuzlaşdırıblar. İncəsənət ölüb, sadəcə olaraq ağlayanı yoxdur. Gedin meyxananızı deyin də. Meyxana deyənlər də müğənni, xanəndə olub. Nizami Rəmzi, Namiq Qaraçuxurlu da musiqili meyxana deyib. Amma muğam elə-belə şey deyil. Muğamın səviyyəsini aşağı salmağa ixtiyarları yoxdur! Bunlar belə edirlərsə heç sabah muğama qulaq asan da olmayacaq” deyə o bildirib.

11486261148629114862811486301148627

 

Mənbə

Share: