
Hər ilin sonu uğur və nailiyyətlər xatırlanır, ümumən əldə olunan və olunmayan nəticələrə nəzər salınaraq, yola salınan ilə yekun vurulur. 2022-ci il hansı əlamətdar hadisələrlə yadda qalacaq? Bu il qlobal miqyasda bəşəriyyəti əhatə edən növbəti pandemiya və dünyamızı məhvə aparacaq gücdə olan, sonu bilinməyən Ukrayna-Rusiya müharibəsi ili kimi tarixə yazılacaq. Lakin Azərbaycan kiçik ölkə kimi qlobal dünya problemlərini həll etmək iqtidarında deyil və biz yalnız öz ölkəmiz barədə düşünə bilərik. Azərbaycan dövlətinin əsas prioriteti Cənab Prezident İlham Əliyevin dəfələrlə bildirdiyi kimi, insanlarımızın sosial rifah halının yaxşılaşdırılması və təhlükəsizliyimizin təmin edilməsidirsə, bu, birmənalı şəkildə alındı.İndiki durumda dünyada, eləcə də regionda baş verən geopolitik durumda müvəffəqiyyət qazanmaq, bizim uğurumuzdur. Sentyabrda Ermənistanla sərhəddə baş verən ağır silahlı toqquşmalar, Şuşa-Xankəndi yolunda hələ də davam edən dinc aksiyanın nəticələrinin olduqca uğurlu olacağını nəzərə alsaq, yola saldığımız ili dövlətimizin mövqelərinin daha da güclənməsi ili kimi qeyd etmək olar.
Suveren hüquqlarımızın müdafiəsi naminə nəinki bir neçə yüz aksiyaçı, bütün Azərbaycan xalqı Laçın koridorunu bu şaxtalı havada tam doldurmaq istərdi.
Xalqın qırılmaz əzmini, möhtəşəm gücünü öz arxasında hiss edən Cənab Prezident ona arxalanır. Ən böyük uğurumuz da elə budur: Xalq-iqtidar birliyi. Uğurla başa vurduğumuz ilin son günü həm də dünya azərbaycanlılarının həmrəylik günüdür. Butun dünyaya səpələnmiş azərbaycanlıların 1 müstəqil dövləti və 1 prezidenti var. Azərbaycan, müdrik prezidentinin güclü idarəçiliyi altında növbəti ildə də heç şübhəsiz yeni-yeni müvəffəqiyyətlər əldə edəcək.
Xalqımızı yeni il və dünya azərbaycanlılarının həmrəylik günü münasibətilə ürəkdən təbrik edir, yeni ildə yeni nailiyyətlər arzu edirəm.
İbad Hüseynli
Azərbaycanın Milli Qəhrəmanı