Xanım icra başçısının qurduğu qanunsuz biznes səltənəti – FAKTLAR

Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova və yaxınlarının biznes şəbəkəsi ilə bağlı yeni təfərrüatlar yayılıb.

İradə Gülməmmədovanın ailə biznesi haqda müxtəlif zamanlarda həm sosial şəbəkələrdə, həm də yerli mediada yayılmış materiallar üzərindən bəzi faktları təqdim edirik.

Ümumiyyətlə, Google-yə bir həmlə axtarış kifayətdir ki, İradə Gülməmmədova ilə bağlı saysız yazılarla rastlaşasan. Bu yazılarda İradə xanımın tənder biznesindən tutmuş, müxtəlif qanuna zidd əməllərindən bəhs olunur.

Mətbuatda İradə xanımın Abşeronu şəxsi mülkü sayaraq rayon ərazisində boş qalan torpaqları kütləvi şəkildə istismar etməsi ilə bağlı faktlar da yer alıb. Bildirilib ki, buradan əldə etdiyi gəlirlə kifayətlənməyən xanım icra başçısı sənədli torpaq sahələrində tikinti aparan sadə vətəndaşları da sıxışdırır.

Bu haqsızlıqlar bu gün də davam edir. Abşeron rayonunda yaşayan vətəndaşlardan daxil olan çoxsaylı şikayətləri isə bunun bariz nümunəsidir. Abşeron Rayon İcra Hakimiyyəti sosial şəbəkələrdə də tənqid olunur. Qurumun sosial şəbəkə hesablarına daxil olan bu şikayətlərin bəzisinə cavab verilir, bəziləri isə cavabsız qalır. Rayon ərazisində baxımsız küçələrlə yanaşı xüsusi diqqət göstərilən küçə də var – Məsud Davudoğlu küçəsi.

Küçənin xüsusiliyi ondadır ki, Davudoğlu 9-da “Zümrüd” uşaq bağçası, 12 a-da “Vimay” Tibb Mərkəzi, 34-də isə Abşeron rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədova və ailə üzvlərinin qeydiyyatda olduğu mənzil yerləşir.

“Rəsul Rza, Səttar Bəhlulzadə küçələri faciəvi vəziyyətdədir. Heç olmasa, çuxurları doldursunlar. Səkilər yoxdur, piyadalar yolun ortası ilə getməyə məcburdurlar. Ən çox əziyyət çəkənlər isə 7 nömrəli məktəbin şagirdləridir. Həsən Əliyev küçəsinə asfalt bir neçə ay əvvəl çəkilsə də, yol yenidən çökür. Bir də gördünüz ora ya avtomobil, ya da adam düşüb. Kanalizasiya suları yola axıdılır. Bir saat yağış yağsa, 10 gün keçilməz gölməçələr olur. “Yaşıl ada” restoranının yanından Xırdalanın içərisinə dönən küçənin asfaltı bəlkə də iki ildir dağıdılıb. Spirt zavoduna kanalizasiya xətti çəkildikdən sonra eləcə dağılmış vəziyyətdə qalır. Nəinki asfalt, heç adi kubik qırıntıları da tökülməyib”.

Zənnimizcə, xanım başçının topdağıtmaz ailə biznesinin mənbəyi də araşdırılmalıdır. Belə ki, İradə Gülməmmədovanın ixtisasca həkim olan ( red. İradə Gülməmmədovanın özü də ixtisasca həkimdir-1985-ci ildə o vaxtkı ATİ-nin pediatriya fakültəsini bitirib) həyat yoldaşı Yolçu Gülməmmədovun iş adamı olmasıyla bağlı məlumat dövrü mətbuatda yalnız bir yerdə verilib. O da kiçik oxucu kütləsinin əldə edə biləcəyi yerli idman qəzetlərindən birində.

Y.Gülməmmədovun adına olan müəssisələr – “İmpuls-M.V.” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1000296151). Müəssisənin qanuni təmsilçisi reyestr məlumatlarında Gülməmmədov Yolçu Katamazya oğlu göstərilib. Nizamnamə kapitalı 10 manat olan müəssisə 2004-cü ildə qeydiyyata alınıb. Bu, Y.Gülməmmədovun yeganə müəssisəsi deyil.

“İmpuls-M.V.” MMC apteklər şəbəkəsinin ümumi adıdır. Hansı ki, onların bəzisi bir neçə il əvvəl Səhiyyə Nazirliyi tərəfindən qiyməti süni şəkildə qaldırılmış qoruyucu maska satdığı üçün cərimələnib. “İmpuls-M.V.”-lə eyni ünvanda daha bir müəssisə yerləşir – “İRS Mobil” MMC (VÖEN: 1000588131) . Müəssisənin qanuni təmsilçisi Quliyev Rövşən Akif oğlu, təsisçisi isə Quliyev Akif Hümmət oğludur.

İcra başçısının həyat yoldaşı 1996-cı ildə daha bir müəssisə qeydiyyatdan keçirib – “Enerqorenovasiya” MMC. Müəssisənin hüquqi ünvanı Xızı rayonu, Xızı şəhəridir.

Y.Gülməmmədovun adına rəsmiləşən müəssisələrdən biri də “Fidanfarma”dır (VÖEN: 1400124391). Hüquqi ünvanı Nəsimi rayonu, 20 yanvar, ev 3, mənzil 4-dür. 2001-ci ildə təsis olunan müəssisənin nizamnamə kapitalı 20 manatdır.

Səhiyyə Nazirliyinin özəl müəssisələr və onların fəaliyyəti haqda olan sənədində adı keçən “Afgen” klinikası əsasən 2011-ci ilin avqust ayından fəaliyyət göstərir. Klinika 2012-ci ildən Bioloji Təbabət Klinikasının binasında fəaliyyətini davam etdirir. “Afgen” Klinikasında gen xəstəliklərinin müayinəsi və müalicəsi aparılır. Bioloji Təbabət Klinikasında isə əsasən reabilitasiya və fizioterapiya, osteopatiya, xroniki yaraların sağaldılması, kosmetologiya və digər xidmətlər göstərilir. Bu müəssisədə müalicə olunan pasiyentlərə lazım olan dərmanları da elə klinikaya bağlı fəaliyyət göstərən “Planeta” apteklər şəbəkəsi (VÖEN: 1400172851) satır. Bu apteklər ölkədə 7 ünvanda fəaliyyət göstərir. Əslində matryoşka kimi bir-birinin içindən çıxan bu müəssisələrin domein adresləri də bir-birinə bağlıdı. Bioloji Təbabət Klinikasının ölkədə üç yerdə Sumqayıtda, Göyçayda və Masallıda, xaricdə isə Türkiyədə filialı var.

Ancaq Bioloji Təbabət Klinikasının (VÖEN: 1401424551) reyestr məlumatlarında qanuni təmsilçisi Yaqubov Elxan Ənvər oğludur. Elə bütün mətbuatda gedən xəbərlərdə də, o, iş adamı kimi təqdim olunur.

2008-ci ildə təsis olunan müəssisənin nizamnamə kapitalı 10 manatdır. Klinikanın hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, ev 30, mənzil 48-dir. E.Yaqubovun qanuni nümayəndə olduğu daha bir müəssisə də “Planeta” İstehsal-Kommersiya Şirkətidir (VÖEN: 1400172851). 1997-ci ildə qeydiyyatdan keçən müəssisənin nizamnamə kapitalı 20 manatdır. Hüquqi ünvanı isə Nəsimi rayonu, Cavadxan 24-dür.

E.Yaqubovun adına rəsmiləşən hazırda isə ləğvetmə prosesində olan daha bir müəssisə isə “Bioloji Tənzimləyici Təbabət Mərkəzi”dir (VÖEN: 1402836811). Nizamnamə kapitalı 10 manat olan müəssisə 2014-cü ildə təsis olunub.

İcra başçısının qardaşına və atasına məxsus şirkətlər də diqqət çəkir.

“İRS Mobil” 2005-ci ildə təsis olunub, nizamnamə kapitalı 10 manatdır. R.Quliyev İ.Gülməmmədovanın qardaşı, A.Quliyev isə atasıdır. Rövşən Quliyevin adının keçdiyi ikinci müəssisə isə “Nigər-Q.S” MMC-dir (VÖEN: 1901059821). Rövşən Quliyevin iki qızından birinin adı da Nigardır. Onun həyat yoldaşı Quliyeva Aynurə, qızı Quluzadə Nigar və oğlu Quliyev Raufa qarşı məhkəmə çəkişməsi var. Məhkəmə qərarı onların xeyrinədir. “Nigər-Q.S” MMC-nin hüquqi nümayəndəsi Rövşən Quliyev, təsisçisi isə Akif Quliyevdir. 2010-cu ildə qeydiyyata alınan müəssisənin nizamnamə kapitalı 20 manatdır.

R.Quliyev özü Qarabağ döyüşlərinin iştirakçısı, qazidir. O, Şəhid, Əlil və Veteranlar Birliyinin təsisçisidir. Bundan başqa, Qarabağ döyüşçüləri – veteran və əlillərin, hərbiçilərin iştirak edə biləcəyi amputant futbol komandası yaradıb. Müxəlif yarışlarda iştirak edirlər. Bu yarışın keçirildiyi ünvan da Abşeron rayonunda yerləşən Olimpiya İdman Kompleksidir.

Bundan əlavə, İ.Gülməmmədovanın qızı Vüsalə Gülməmmədova elə Abşeron rayonunda yerləşən “Zümrüd” uşaq bağçasının direktorudur. Sözügedən özəl bağça 2 dekabr 2016-cı ildə fəaliyyətə başlayıb. Vergilər Nazirliyinin reyestrində isə “Zümrüd Körpələr Evi-Uşaq Bağçası” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1004597731) 2017-ci ildə qeydiyyata düşüb. Uşaq bağçasında bir uşağın aylıq xərci 550 manatdır. Servis xidməti də həyata keçirən müəssisədə məsafədən asılı olaraq aylıq daşıma xərci 200-250 manat arasında dəyişir./Sfera.az/

Share: