Xankəndidəki Buridan eşşəyi…

Qəzənfər Həmidoğlu


Paşinyana “Ənvər Sadat təhdidi” – Putin “Valday”da guruldadı, Soçidə yağmadı


Soçi görüşü ərəfəsinin, oktyabrın son dekadasının hadisələri tragikomediya janrının arxitektonikasını xatırlatdı: qurulan oyun dramatik başladı, “Valday”da kulminasiyasına çatdı və qəfil finalı klassik məzhəkənin sonu kimi oldu – dağ o boyda hay-küydən sonra siçan doğdu…


Paşinyan “Qarabağ yükü”nu Azərbaycan və Rusiyanın üzərinə atmaq, üzü Qərbə doğru aradan çıxmaq istəyirdi. Qarabağla bağlı kartını açıb ortaya qoymağa məcbur olan Putin “Valday”da az qaldı ki, revanşistlərə qoşulub Paşinyana “Nikol-davaçan!” (Nikol-satqın!) desin…


İki stulda oturub Qərblə Rusiya arasında vurnuxan Ermənistanın baş naziri onsuz da tərəddüd içində idi. Qeyri-rəsmi məlumatlara əsasən, “Qazprom” Ermənistanın qaza görə borcunun 1 milyard 400 milyon dollara çatdığını bildirir. Rusiyadan hər şey gözləmək olar: istənilən an qazın qiymətini artırar və ya qışın ortasında kəsər. Putinin qaz məsələsində bir şantaj-devizi var ki, o da aktrisa Nonna Mordyukovanın Leonid Qaydayın “Brilyant əl” filmindəki “upravdom” obrazının məşhur frazasıdır: “Əgər almasalar, qazlarını kəsərik!” Yəni, Paşinyan Soçiyə həm də qaza görə getmişdi…


Qərblə flirtində və KTMT-ni tabuta qoymaq cəhdində nə qədər irəli getsə də, Paşinyan anlayır ki, erməni dövləti hələ də Rusiyanın ovcunun içindədir, üstəlik, özünün siyasi və fiziki həyatı üçün risklər var. Ermənistanın baş naziri 5-ci kolonun təsiri altındakı ordu, Milli Təhlükəsizlik Xidməti və digər güc strukturlarına elə də etibar etmir. Təsadüfi deyil ki, Paşinyan Xarici Kəşfiyyat Agentliyi yaratmaq qərarına gəlib. Bu günlərdə Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib ki, ölkəsi ABŞ-ı Ermənistanın təhlükəsizliyinin təminatı işinə cəlb etmək istəyir.


Artıq bilməyən qalmayıb ki, Qərb Moskvanı Paşinyan faktorundan istifadə edərək regiondan sıxışdırmağa çalışır. Erməni generalitetinin ötənilki hərbi qiyamı, revanşistlərin aksiyaları və seçki yolu ilə, həmçinin sərhəddəki eskalasiya ilə Paşinyanı devirmək hələlik Kremlə müyəssər olmur. Artıq ortalıqda gəzən söz-söhbətlərdə Ermənistanın baş nazirinin fiziki aradan qaldırılmasına eyham edilir. Məsələn, ermənidən artıq erməni, İrəvanın persona non-qrata elan etdiyi RF Dövlət Dumasının deputatı Konstantin Zatulin Paşinyanı Misirin sui-qəsd qurbanı olmuş prezidenti Ənvər Sadata bənzədib: “Qərb Kemp-Devid modeli (1978) hazırlayır. Yaxın Şərq üzrə danışıqlarda SSRİ və ABŞ uzun illər əsas vasitəçilər idilər, lakin müəyyən etapda Müsir prezidentinin (Ənvər Sadatın) meylini hiss edən Kissincer (ABŞ-ın keçmiş dövlət katibi) bu sxemi pozur, Suriya və Fələstinin maraqlarını unudaraq Misir və İsrail arasında anlaşma bağlayır”.


Zatulin Paşinyanı yalnız Rusiyanın maraqlarını unutmaqda süçlamır, həm də Ənvər Sadatın taleyinə işarə ilə təhdid edir: Ənvər Sadat Kemp-Devid anlaşmasından 3 il sonra hərbi paradda öz ordusunun islamçılara yaxın leytenantı və bir qrup desantçı tərəfindən qətlə yetirilib…


Putinin “Valday” şantaj-blefinə Paşinyanın avantürist taktiki gedişlə – “rus sülhməramlıları”nın mandatının 20 ilədək uzadılmasına dair “sənəd imzalamağa hazıram” bəyanatı ilə cavab verməsi beynəlxalq münasibətlər tarixinə fenomenal siyasi fırıldaqçılıq nümunəsi kimi düşə bilər. Adam ruslara 2 il ərzində Bakıdan ala bilmədikləri sülhməramlı statusu mandatı verir, müddətini 4 qat uzadır, Putini təşəbbüsə çağırır, başqa ölkədə sülhməramlı qüvvə yerləşdirmək təklifi verir və üstəlik, şərt qoşur ki, Rusiya təklifini dəstəkləməlidir.


Paşinyanın bu “mandat və müddət” canfəşanlığı ola bilsin ki, ya Putinin qılığına girmək, ya “Qarabağ yükü”nü azı 20-liyə üzərindən atmaq, ya Azərbaycana darmacalda ziyan vurmaq və ya sadəcə Putinin tapşırığıdır. Hər bir halda Paşinyan Soçi görüşü ərəfəsində bu gedişi ilə furor yarada bildi və oktyabrın 31-də keçirilən üçtərəfli danışıqlar ətrafında ajiotajı artırdı…


Kremlin sifarişi, Vardanyanın pulu ilə Xankəndidə keçirilən çoxminlik aksiya da Soçi görüşü ilə bağlı narahatlıq və həyacanı yüksəltdi. Baxmayaraq ki, İlham Əliyev, Vladimir Putin və Nikol Paşinyan arasındakı növbəti görüşdə sürpriz üçün zəmin yox idi. Aydın idi ki, üçtərəfli görüş Putinə Bakı və İrəvanı orbitində saxladığını və “meydanda olduğunu” nümayiş etdirmək üçün lazımdır. Faktiki olaraqsa Moskva və ya Soçidə keçirilən danışıqlar real sülh prosesi istiqamətində hansısa konkret nəticəyə aparmır. Çünki Rusiya mahiyyəti etibarı ilə sülhün qarantı və ya gerçək vasitəçi olmaq iqtidarında deyil. Bu fonda Moskva o imkan sahibi də deyil ki, Qərbin yolunu kəssin, Bakı və İrəvanı ortaq məxrəcə gətirə bilsin…


Qayıdaq qoyunumuza, yəni, Xankəndidəki mitinq məsələsinə. Maraqlıdır, aksiyada bir qrup Zatulinin portretini əlində tutmuşdu. Mitinq Qarabağ ermənilərinin nə istədiklərini anlamadıqlarını, asanlıqla təxribat elementinə çevrildiklərini göstərdi. Qarabağ erməniləri iki ot tayası arasında qalıb acından ölən Buridan eşşəyi gündədir. Mitinqlə eyni vaxta keçirilən separatçı rejimin bədnam “parlamenti”nin toplantısının qondarma bəyanatında bir tərəfdən beynəlxalq birliyə çağırış edilir, Qərbdən beynəlxalq qarantiya umulur, digər tərəfdənsə Rusiyanın regiondakı rolunu öyür və Putinə sədaqətlərini izhar edirlər. Beynəlxalq hüquqdan və Rusiyanın sülh missiyasından eyni zamanda danışmaq nonsensdir. Üstəlik, Rusiyanı terror dövləti sayanların dünyada sayı bir ucdan artır.


Mitinqdə bəzi iştirakçılar elə eyforiyaya qapıldılar ki, özlərini 35 il əvvəllə, 88-ci ilin fevralına qayıtmış kimi hiss etdilər. Tarixin əsas dərsi keçmiş səhvlərdən nəticə çıxarmaqdır. Qarabağ erməniləri geriyə baxa-baxa gələcəklərini itirəcəklər, ən azı Azərbaycanda…


Bu həngamədən, gücənmədən, “Valday”dakı fırtınadan sonra Soçidə sakitcə elan edildi ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin komponentləri hələ də müzakirə olunur. Brüssel prosesindən fərqli olaraq Putin “yol xəritəsi” dəfinə xəritəsi kimidir, kimsəyə göstərmir. Hər nə isə, süllhməramlıların mandatı və müddəti məsələsi “gələn zoğallara qaldı”. Putin belə izah etdi ki, “sülhməramlıların mandatının uzadılması ilə bağlı qərar” sülh müqaviləsinin bağlanmasından, Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası və demarkasiyasından asılıdır.


Sülhdən sonra sülhməramlı söhbəti etmək absurddur. Putinin sözlərini normal dilə belə çevirmək olar ki, Ukrayna savaşı uzandıqca, o da bizim sülhə yolumuzu uzadacaq.


Beləliklə, Zəfərin ikinci ildönümünə doğru üfüqdə hələlik sülh görünmür. Rusiya liderinin “Valday” və KTMT sammitindəki qəfil açıqlamaları bir daha göstərdi ki, Rusiya ilə münasibətlərdə kritik məqam istənilən an partlaya bilər. Odur ki, “Qarabağ teatrı”nda postsavaş dövrünün 3-cü ilini, post-Putin dövrünü modelləşdirmək, bu fonda Amerika, İran və Fransa kimi ölkələrin gedişlərini, mümkün geosiyasi konfiqurasiyaları proqnozlaşdırmaq lazımdır. Ən başlıcası, artıq Xankəndi və ətrafında suverenliyimizin bərpası istiqamətində yurisdiksiyamıza qaytaracağımız Qarabağ erməniləri ilə təmas formatını müəyyənləşdirməkdə və rus əngəllərinin aşılmasında fəallaşmaq zamanıdır.

Mənbə

Share: