Xaricdən elektromobil idxalı artıb – 5.8 dəfə

Bu ilin yanvar-mart aylarında Azərbaycana 315,3 milyon ABŞ dolları dəyərində 20 799 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub.

 

Modern.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) yaydığı yeni hesabatda bildirilib.

 

Qeyd olunur ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 66,5 % və 21,62 % çoxdur.

 

Hesabat dövründə sürücü daxil olmaqla 10 nəfər və yaxud daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 48,9 % azalaraq 46 ədəd (2,616 milyon ABŞ dolları dəyərində), əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı isə 20,9 % artaraq 19 264 ədəd (277,77 milyon ABŞ dolları dəyərində) təşkil edib.

 

Bu avtomobillərin 3 047-i (66,198 milyon ABŞ dolları dəyərində) daxili yanma mühərriklə yanaşı, elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri, 408-i (16,97 milyon ABŞ dolları dəyərində) isə yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələridir.

 

Bu isə birincinin 2,96 % azalması, ikincinin isə 5,8 dəfə artması deməkdir.

 

Bundan əlavə, yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələrinin idxalı 35,18 % artaraq 1 368 ədəd (21,566 milyon ABŞ dolları dəyərində), xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə 83,3 % artaraq 121 ədəd (13,335 milyon ABŞ dolları dəyərində) olub.

Mənbə

Share: